Kəmaləddin Heydərov DÇ-yə yollanacaq taekvondoçularla görüşüb

Azərbaycan Taekvondo Federasiyasının (ATF) prezidenti Kəmaləddin Heydərov Meksikanın Qvadalaxara şəhərindəki dünya çempionatına yollanacaq milli komandanın üzvləri ilə görüşüb.

Federasiyadan Komanda.az-a verilən məlumata görə, görüşdə ATF-nin vitse-prezidentləri Nağı Səfərov, Niyaməddin Paşayev, İdarə Heyətinin üzvləri, yığmaların məşqçilər korpusu və taekvondoçular iştirak ediblər.

Taekvondoçuların hazırkı durumu ilə maraqlanan Heydərov yarışda idmançılardan uğur gözlədiyini bildirib. O, millinin iştirak etdiyi dünya çempionatlarından daim uğurla qayıtdığını xatırladaraq, bu dəfə də onların inamlı çıxışına ümid etdiyini vurğulayıb.

Kişilərdən ibarət millinin baş məşqçisi Reza Mehmandost və qadınlardan ibarət komandaya rəhbərlik edən Səbuhi Zülfüqarov taekvondoçularımızın hazırlığı barədə məlumat veriblər. Onlar komandaların məşqlərinin plana uyğun getdiyini və yarışa tam hazır olduqlarını söyləyiblər. Ən güclü taekvondoçularla Qvadalaxaraya yollanacaqlarını vurğulayan mütəxəssislər Meksikada Azərbaycan himnini səsləndirmək və bayrağını yüksəklərə qaldırmaq üçün çalışacaqlarını deyiblər.

ATF-nin vitse-prezidentləri Nağı Səfərovla Niyaməddin Paşayev də komandanın hazırkı durumundan razı olduqlarını və taekvondoçuların yenə də xalqa sevinc yaşadacağına inandıqlarını qeyd ediblər. Onlar vurğulayıblar ki, lazımı təlim-məşq toplanışları və yarışlarda iştirak belə deməyə əsas verir.

Sonda yığma üzvləri də dünya çempionatında medal qazanmaq üçün mübarizə aparacaqlarını bildiriblər.

Mundialda ölkəni 8 taekvondoçu təmsil edəcək. Dünya çempionatında Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq), Sədri Həmidreza (63 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Taleh Süleymanov (87 kq), Minayə Əkbərova (46 kq) və Patimat Abakarova (49 kq) dayanq üzərinə çıxacaqlar. Qvadalaxaraya noyabrın 9-da yollanacaq komanda Vətənə ayın 24-də qayıdacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button