Juninyonun “Qarabağ”dan ayrılmaq üçün şərti var
Bu mövsüm Avropa Liqasında uğurlu çıxış edən, turnirin 1/8 final mərhələsinə kimi irəliləyən “Qarabağ”ın aparıcı futbolçularının başqa klubların diqqətini çəkməsi normaldır. Xüsusən də, son vaxtlar “köhlən atlar”ın hücumçusu Olavio Juninyonun komandadan ayrıla biləcəyi haqda məlumatlar dolaşır.
Komanda.az-ın əldə etdiyi məlumata görə, braziliyalı futbolçu “Qarabağ”dan ayrılmaq niyyətində deyil. Juninyo Ağdam komandasından yalnız bir halda getməyi düşünür. O, həmyerlisi, “Qarabağ”dan Rusiyanın “Krasnodar” klubuna transfer olunmuş Kadi Borgesdən aşağı qiymətə hansısa başqa komandaya keçməyi düşünmür. Juninyonun bu barədə həm yaxın çevrəsinə, həm də, “Qarabağ”da məşqçilərə, komanda yoldaşlarına məlumat verdiyi bildirilir. “Sambaçı” “köhlən atlar”ın tarixinə başqa kluba keçidi ilə ən çox pul qazandıran futbolçu kimi düşmək istəyir.
Xatırladaq ki, “Krasnodar” Kadinin keçidi üçün “Qarabağ”a 5 milyon avro ödəmişdi. Yəni, Juninyo üçün “Qarabağ”a hansısa klubdan 5 milyon avrodan çox təklif gələcəyi halda, o, komandadan ayrıla bilər.
27 yaşlı hücumçu Azərbaycan çempionuna ötən ilin yayında Portuqaliyanın “Saveş” klubundan keçib. “Qarabağ”ın bu transferə görə qarşı tərəfə 500 min avro ödədiyi iddia olunurdu. Juninyonun Ağdam klubu ilə hələ iki illik müqaviləsi var.
Bizi Facebook-da izləyin