“İmişli”nin baş məşqçisinin hamam sevgisi

Fəxri Rüstəmli

“İmişli” dünən Azərbaycan Premyer Liqasının 6-cı turunda Quba Olimpiya Kompleksinin stadionunda nominal ev sahibi kimi “Zirə”ni qəbul edirdi (1:1).

Bərbad təşkilatçılıq, media üçün ayrılmış yerlərdə məktəb partalarına bənzər stol-stullar, yağış damcıları səpilir üstümüzə, ot örtüyündən danışmağa dəyməz. Hələ mən media sektorunu işğal edən azarkeşlərdən danışmıram. Əslində, onları da qınamaq olmur, yağışdan gizlənirdilər.

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov, klub rəsmləri oyundan əvvəl stadionun durumundan haqlı narazılıqlarını gizlətmirdilər. Oynun gedişatında da şahidi olduq ki, futbolçular addımbaşı sürüşür, top qəbulundakı çətinlikləri “göz oxşayırdı”.

Sadıqovun oyundan sonra keçirilən mətbuat konfransında “İmişli”nin çempionata uğurlu start verməsinə, uğurlarına kölgə salmaq istəmirəm” deməsinə baxmayaraq, onun əslində deməyib də, demək istədikləri açıq-aşkar sezilirdi.

Bütün bunlar azmış kimi, “İmişli”nin baş məşqçisi Jorj Kaşkilya oyundan sonra keçirilən mətbuat konfransında yenə də öz ampluasında idi və media nümayəndələrini intizarda saxlayırdı. Belə görünür ki, klubun əməkdaşlarına “gözləsinlər, mən çimirəm” tapşırığnı vermişdi. Adamın ya möhkəm hamam sevdası var, ya da ki, yaşadığı evdə hamamlanma ilə bağlı ciddi problem yaşayır.

Cənab Kaşkilya o anda fikirləşmirdi, ya da, vecinə deyildi ki, 3-5 manatın dalınca düşən, Bakıdan Qubaya gələn media işçiləri, həm də çatdırıb futbolçuları sorğu-suala çəkməlidir ki, geriyə əliboş qayıtmasın, ən azı bir neçə materialları olsun. Onun gecikməsi futbolçuların artıq avtobusda olması ilə nəticələndi ki, bu da onlardan müsahibəni mümkünsüz etdi.

Hətta həmkarımızın bundan sonrakı mətbuat konfranslarında bu kimi halları diqqətdə saxlamasını bildirməsinə rəğmən, yağışı bəhanə kimi göstərə bildi cənab Kaşkilya. Və dedi ki, paltardəyişmə otağından mətbuat konfransı otağına kimi yol uzundur, vaxt çox alır (!).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button