Jelko Sopiç: “Sabah”ın planları və hədəfləri məni cəlb etdi”
“Sabah”ın yeni baş məşqçisi Jelko Sopiç klubun saytına açıqlama verib.
Komanda.az xəbər verir ki, xorvatiyalı mütəxəssis ölkəmiz, kluba keçidi və gələcək hədəfləri barədə danışıb:
“Sabah” mənə təklif göndərdiyi zaman bir qədər tərəddüd etmişdim. Çünki son mövsümdə BƏƏ-nin “Əl-Əyn” komandasında köməkçi məşqçi kimi çalışırdım və bu komanda ilə klubun tarixində ilk dəfə ölkə çempionluğunu və kubokunu qazanmışdıq. Növbəti il isə bu klubun U-21 komandası ilə 7 illik fasilədən sonra ilk çempionluğu qazandıq. Ən əsası isə U-21-in 5 futbolçusu əsas komanda ilə müqavilə bağladı.
Daha sonra “Sabah”dan təklif gəldi. Azərbaycan barədə çox şey bilmirdim. Ancaq bura gəldikdən sonra qısa müddətdə gördüklərimə əsasən deyə bilərəm ki, bura gözəl və sakit ölkədi. Buranın əhalisi çox yaxşı və mehribandı.
“Sabah” gənc klub olmasına baxmayaraq, Azərbaycanın yüksək liqasında mübarizə aparır. Prezidentlə söhbətdən sonra klubun gənc futbolçularla bağlı gələcək planları, həmçinin Premyer Liqadakı hədəfləri məni cəlb etdi. Komanda keçən mövsümü 7-ci pillədə başa vurub. Bizim əsas hədəfimiz daha yaxşı nəticələr əldə etməkdi. “Sabah” kimi gənc və hədəfləri olan klubda çalışmaq mənim üçün yeni çağırışdı. Klubun inkişafı üçün birlikdə mübarizə aparacağıq. Uğur üçün bütün diqqətimizi yaşıl meydana yönəltməli, gələcək oyunlarımıza köklənməliyik. Ümid edirəm ki, gələcək oyunlarda daha yaxşı nəticələr əldə edər və qələbə sevinci yaşayarıq”.
Bizi Facebook-da izləyin