Jalə Əliyeva da DÇ-də 5-ci yerlə kifayətləndi
Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir.
Komanda.az xəbər verir ki, bu gün qadın güləşi üzrə mübarizəyə yekun vurulub.
Jalə Əliyeva (57 kq) 1/8 finalda braziliyalı Culiye De Oliveyrayla dramatik görüş keçirib. Hesabda 0:9 geridə olsa da, güləşçimiz möhtəşəm əzmkarlıq nümayiş etdirib. Rəqibinə sona 2 saniyə qalmış “tuş”la qalib gələn həmyerlimiz 1/4 finalda tanış rəqiblə qarşılaşıb. İslam Həmrəyliyi Oyunlarının finalında məğlub etdiyi nigeriyalı Ester Kolavoleylə üz-üzə gələn Əliyeva növbəti dəfə son saniyələrdə əzmkar qələbəyə sevinib – 14:13. Ancaq Jalənin finala yolunu yaponiyalı dünya çempionu Tsuqumi Sakuray (0:10) bağlayıb. Əliyeva bürünc medal uğrunda ukraynalı Alina Akobya ilə qarşılaşıb və son Avropa çempionuna (0:10) məğlub olaraq, ilk dəfə qatıldığı dünya çempionatını 5-ci pillədə başa vurub.
Daha öncə Elis Manolova (65 kq) da DÇ-də 5-ci yerlə kifayətlənmişdi. Leyla Qurbanova (53 kq), Alyona Kolesnik (59 kq) və Tatyana Omelçenkonun (62 kq) çıxışı isə daha uğursuz alınıb. Bununla da qadın güləşi üzrə Azərbaycan yığması mundialda çıxışını medalsız başa vurub.
Bizi Facebook-da izləyin