İTV-nin düzəldəcəyi futbola…
Rəşad Ergün
Azərbaycan futbolu ilə bağlı minlərlə sütun, araşdırma yazıları yazmışam. Bir o qədər müsahibələr, reportajlar olub. Bizim futbolunun problemlərindən, eybəcərliyindən bəhs edən “Kurtlar Vadisi-AFFA”nı, ölkənin ilk və məncə, hələ ki, sonuncu futbol romanı olan “Səfillikdən səfilliyə”ni qələmə almışam. “Komanda”nın “şinel”indən çıxan və ya yolu “Komanda”dan keçən yüzlərlə məzunumuz, əməkdaşımız olub. Onların çoxu bu gün də idman jurnalistikasında, futbol və ya idmanın başqa sahəsindədir. Öz yazılarıma və ya əməkdaşlarımızın yazılarına görə dəfələrlə məhkəmə ilə, zorbalıqla, güclə təhdid də olunmuşuq. Keçək əsas məsələyə…
Bütün bu illər ərzində Azərbaycanın futbol üzrə milli komandalarının məğlubiyyətlərindən çox daha üzüldüyüm, sarsıldığım şeylər oldu. Nəyi deyim? Məsələn, müəllimlərin, həkimlərin və daha kimlərin yığışıb hər dəfə ölkədə seçkilərin saxtalaşdırılmasında müstəsna rol oynaması. Milli komandanın uduzması faciə deyil, amma millətin əlbir olub özünü ələ salması, özünü aldatması, bax, faciə budur.
Deyirlər e, dövlət futbola ildə filan qədər pul xərcləyir, hesabı sorulmalıdır, o olmalıdır, bu olmalıdır. Dövlət yol da çəkdirir. Yolun keyfiyyətli olması üçün “Domokl qılıncı” kimi yolçəkənlərin başının üstünü alır? Məsələn, bəlkə, “Bakı”nın uşaq futbol akademiyası, bazası dağıdılanda dövlətin xəbəri olmadı? İnsafən, yerində də qəşəng binalar tikilib, gözəllik salonları, apteklər, marketlər açılır.
Azərbaycanda saysız-hesabsız hərşeyşünas var; futbolu bilirlər, məşqçiliyi bilirlər, bir sözlə, adamların hər şeydən xəbəri var. Amma… Sənin ölkəndə bu qədər saxtakarlıq, bu qədər qalstuklu (və qalstuksuz) oğru, bu qədər haqsızlıq var, nədən hesab edirsən ki, bu “zibillik”də futbol gülüstanlıq olmalıdır, ey jurnalist, ey azarkeş? Futbola rəhbərlik edənlər azərbaycanlı deyil, ya futbolu oynayanlar?
Şəxsən mənə dəfələrlə – hələ “Komanda” qəzetini çıxardığımız vaxtdan – futbol sahəsində olan tanışlar, dostlar deyirdilər ki, çox tənqid edirsiz, hər şeydə qara axtarırsız. İndi mən onlardan soruşuram; Fuad Musayev getdi, Ramiz Mirzəyev gəldi, Ramiz Mirzəyev getdi, Rövnəq Abdullayev gəldi, Rövnəq Abdullayev getdi, Rövşən Nəcəf gəldi, Rövşən Nəcəf gedəcək… Nə dəyişdi? Nə dəyişəcək?
Ya da, İTV-nin efirində seçki saxtakarlığından, müəllimlərin məktəblərdə xalqın balalarına dərs keçməyib, onları məktəbdən sonra evlərinə hazırlığa gəlməyə məcbur etmələrindən, dövlət xəstəxanlarında işləyən həkimlərin orda xəstələri yola verib, özəl klinikalarda özlərinə “talkuçka” götürmələrindən danışılırmı ki, Azərbaycan futbolunun problemlərinin əsl səbəblərindən də danışılsın? Yazıqqq Fernandu Santuşu, Bədavi Hüseynovu, Ramil Şeydayevi, hətta Rövşən Nəcəfi yıxıb-sürüməyə nə var ki? Yıxın, sürüyün, düzəlsə, xəbər edərsiz, biz də sevinərik – İTV-nin düzəltdiyi və İTV-də düzələcək futbola…
Bizi Facebook-da izləyin