“Mançester Siti”nin oyunlarını izləmirəm” – “Liverpul”un futbolçusu
“Liverpul”un müdafiəçisi Vircil van Dayk Premyer Liqadakı çempionluq yarışı ilə bağlı açıqlama verib.
Komanda.az “Sky Sports”a istinadən xəbər verir ki, hollandiyalı futbolçu, çempionluq üçün çalışdıqlarını bildirib:
“Düşünürəm ki, itirəcəyimiz nəsə yoxdur. “Mançester Siti” keçən mövsümün çempionudur və bu titulu qorumaq üçün çalışır. Biz isə bunu əldə etmək istəyirik və məncə, bunu bacaracağıq. Hazırda turnir cədvəlinin lideri olmaqdan həzz almalı və inamlı olmalıyıq. Qarşıda hələ çox oyunlar var, buna görə də, hazırda çempionluqla bağlı düşünmək reallıqdan uzaq olar. “Mançester Siti”nin oyunlarını izləmirəm. Keçən mövsüm də gördük ki, çempionatın sonuna qədər başqa komandaların oyununa fikir vermək lazım deyil”.
Keçən mövsüm Çempionlar Liqasını qazanmaları haqqında danışan holland müdafiəçi, bu il eyni uğuru Premyer Liqada göstərmək istədiklərini deyib:
“İndi qələbələrə daha çox acıq. Hər kəs yenidən bunu yaşamaq istəyir. Bu, “Barselona” ilə evdə keçirdiyimiz oyundan başlayan fantastik bir axşam idi. Hamımızın arzuları, hədəfləri var. Keçən il qalib gələcəyimizə ümid edərək, Çempionlar Liqasında rəqabət aparmağa başladıq. Eyni şeyi Premyer Liqada da edirik. İnanırıq ki, bu mövsüm bunu bacaracağıq”.
8 turdan sonra 24 xal toplayan “Liverpul” turnir cədvəlinin ilk pilləsində qərarlaşıb və “Mançester Siti”dən 8 xal irəlidədir.
Bizi Facebook-da izləyin