“Yuventus” A Seriyasından kənarlaşdırıla bilər

İtaliyanın “Yuventus” klubu A Seriyasından kənarlaşdırıla bilər.

Komanda.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina açıqlama verib. Yerli mətbuata danışan Qravina, “Yuventus”un Avropa Super Liqası layihəsindən çəkilməyəcəyi təqdirdə, A Seriyasına buraxılmayacağını bildirib:

“Bizim prinsiplərimiz var. UEFA ilə Avropa Super Liqası layihəsində qalan üç klub arasındakı müharibə bizi narahat edir. “Yuventus”la UEFA-nın ortaq yol tapacağını ümid edirəm. “Yuventus”un orda qalması klub və İtaliya futbolu üçün yaxşı hal deyil. “Yuventus” bu layihədən çəkilməsə, A Seriyasında iştirak edə bilməyəcək”.

Aprelin 18-də İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Liverpul”, “Arsenal”, “Çelsi” və “Tottenhem”, İspaniyanın “Real”, “Barselona” və “Atletiko”, İtaliyanın “Yuventus”, “Milan” və “İnter” klubları Avropa Super Liqası layihəsini yaradıblar. Lakin futbol federasiyaları və milli assosiasiyaların bir sıra çağırışları, habelə UEFA və FİFA-nın sanksiya hədələrindən sonra klublar bir-birinin ardınca layihədən imtina etməyə başlayıblar. Hazırda yalnız “Barselona”, “Real” və “Yuventus” Superliqada qaldıqlarını açıqlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button