İtaliya millisinin sabiq üzvü baş məşqçi təyin edildi

Futbol üzrə İtaliya yığmasının və “Roma”nın sabiq yarımmüdafiəçisi Daniele De Rossi SPAL komandasının baş məşqçisi təyin olunub.

Komanda.az xəbər verir ki, bu barədə B Seriyasında çıxış edən klubun rəsmi saytı məlumat yayıb.

39 yaşlı mütəxəssislə 2024-cü ilin 30 iyununa kimi müqavilə imzalanıb. O, bu postda bir neçə gün öncə istefaya göndərilmiş Roberto Venturatonu əvəz edib.

SPAL B Seriyasında geridə qalan 8 tur ərzində cəmi 2 qələbə qazanıb və 9 xalla 20 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.

Daniele De Rossi buna qədər İtaliya yığmasında Roberto Mançininin köməkçisi kimi çalışırdı. “Roma”nın yetirməsi olan, demək olar ki, bütün karyerası bu klubla bağlı olan keçmiş yarımmüdafiəçi, “canavarlar”ın heyətində 616 oyuna çıxıb, 63 qol vurub. O, paytaxt klubundan ayrılandan sonra Argentinanın “Boka Xuniors” klubuna keçsə də, burada cəmi 7 oyun keçirib, 1 qol vurub və 2020-ci ildə karyerasını başa vurub. De Rossi İtaliya yığmasında da 117 oyun keçirib, 21 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button