İtaliya millisinin sabiq forvardı xərçəngə qalib gəldi
Futbol üzrə İtaliya yığmasının sabiq hücumçusu Canluka Vialli xərçəngə qalib gəlib.
Komanda.az xəbər verir ki, 55 yaşlı veteran futbolçu ölkəsinin mətbuatına açıqlamasında keçirdiyi çətin günləri belə anladıb:
“Dekabrda 17 aylıq kimyaterapiya dönəmini başa vurdum. Fiziki və zehni olaraq çox çətin bir dönəmi geridə qoydum. Hazırda yaxşıyam. Son yoxlamalarda xəstəliyimin geridə qaldığını dedilər. Buna görə sevincliyəm. Aynaya baxanda saçlarımın yenidən çıxdığını görmək, qaşlarımı qələmlə qaraltmaq məcburiyyətində qalmamağım artıq sağlam olduğumu göstərir”.
Vialli bütün dünyanı təsiri altına alan koronavirus pandemiyasından da danışıb: “Xəstəxanaya aparılan, bir də ailəsi ilə görüşmədən dünyasını dəyişən insanları düşünürəm. Onlar üçün hətta dəfn mərasimləri də təşkil olunmur. Bu, çox qorxuncdu. Bu böhran ölkədə çox böyük izlər buraxacaq. Ancaq təkrar futbol oynamağa başlananda hər şey mükəmməl olacaq. Duyğularımız və xatirələrimiz köhnə günlərimizə qayıtmağımıza kömək edəcək”.
Qeyd edək ki, Vialli futbolçu karyerası ərzində İtaliyanın “Sampdoriya”, “Yuventus”, İngiltərənin “Çelsi” klubları ilə bir çox çempionluqlar yaşayıb. O, “Çelsi” və “Uotford”da baş məşqçi kimi də çalışıb. İtaliyalı mütəxəssis 2018-ci ildə xərçəng xəstəliyinə yoluxduğunu açıqlamışdı.
Bizi Facebook-da izləyin