İtaliya millisi Avropa çempionatlarında ilkə imza atdı

Futbol üzrə İtaliya yığması AÇ-2020-də qrup mərhələsini yüzfaizlik nəticə ilə başa vurdu.

Komanda.az xəbər verir ki, Roberto Mançininin komandası Türkiyə (3:0) və İsveçrənin (3:0) ardından Uelsə də 1:0 hesabıyla qalib gəldi.

Beləcə, italyanlar qrup mərhələsini qol buraxmadan və +7 top fərqi ilə başa vurdular. Hələlik, bu Avropa çempionatında yüzfaizlik nəticə ilə irəliləyən yeganə komanda məhz “skuadra adzurra”dır.

İtaliya millisi AÇ-2000-də də oxşar uğura imza atmışdı. Həmin qitə birinciliyində də italyanların qalib gəldiyi komandalardan biri Türkiyə olmuşdu – 2:1. Bu kollektivin digər “qurbanlar”ı isə Belçika (2:0) və İsveç (2:1) yığmaları olmuşdu.

İtaliya kimi, Niderland millisi də tarixində iki dəfə AÇ-nin qrup mərhələsini üç qələbə ilə başa vurub. Bu, AÇ-2000 və AÇ-2008-ə təsadüf edib.

Fransa (1984), Portuqaliya (2000), Çexiya (2004), İspaniya (2008), Xorvatiya (2008) və Almaniya (2012) yığmaları isə hərəyə bir dəfə belə uğura imza atıb. Lakin Mançininin rəhbərlik etdiyi İtaliya millisi digərlərindən fərqli olaraq, ilk dəfə qrup mərhələsini qol buraxmadan yüz faizlik nəticə ilə başa vurub.

İtaliya millisi ümumiyyətlə son 11 oyununda qapısından qol buraxmayıb. Sözügedən komandanın məğlubiyyətsiz oyunlar seriyası isə artıq 30 matça çıxıb. Bununla da italyanlar tarixi rekordlarını təkrarlayıblar. İtaliya yığması 1935-1939-cu illər aralığında da Vittorio Pozzonun rəhbərliyi altında ən uzun məğlubiyyətsiz oyunlar seriyasına imza atmışdı. Yeri gəlmişkən, italyanlar bu mütəxəssisin rəhbərliyi altında 1934 və 1938-ci illərdə Avropa çempionu olublar.

Bu Avropa çempionatında ən azı növbəti bir oyunda da uduzmayacağı təqdirdə, İtaliya millisi tarixi rekorda imza atmış olacaq.

Xatırladaq ki, italyanlar sonuncu dəfə 2018-ci ilin sentyabrında məğlubiyyətə üzülüblər. Həmin vaxt bu komandanı UEFA Millətlər Liqasında Portuqaliya yığması 1:0 hesabıyla məyus edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button