İtaliya klubundan 9 milyon avroluq transfer
İtaliyanın “Atalanta” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Seriyası təmsilçisi Almaniyanın “Leypsiq” klubunun yarımmüdafiəçisi Ademola Lukmanı transfer edib. Bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb. 24 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Bu keçidə görə Almaniya klubuna 9 milyon avro təzminat ödəniləcək. Bonuslarla bu məbləğin 15 milyon avroya qədər artması mümkündür.
Ademola Lukman peşəkar karyerasına “Çarlton Atletik” klubunda başlayıb. 2017-2019-cu illər aralığında isə o, “Everton”da çıxış edib. 2018-ci ildə “Leypsiq” onu icarə əsasında heyətinə qatıb, daha sonra transfer hüquqlarını da alıb. Amma Bundesliqa təmsilçisində möhkəmlənə bilməyən vinger, 2020/21 mövsümünü “Fulhem”də, geridə qalan mövsümü isə “Lester Siti”də icarədə keçirib. Futbolçu “Leyptsiq”də cəmi 24 oyuna çıxıb. İngiltərədə dünyaya göz açan, bu ölkənin aşağı yaş qrupları üzrə komandalarında forma geyinmiş yarımmüdafiəçi, bu ildən Nigeriyanın əsas millisində çıxış edir. O, artıq bu komandanın heyətində 4 oyuna çıxıb, 1 qol vurub.
“Atalanta” öz oyunçularından Viktor Kovalenko ilə Nikolo Kambyaqini də icarəyə göndərib. Berqamo təmsilçisi Kovalenkonu “Spetsiya”ya, Kambyaqini isə “Empoli”yə icarəyə verib. Hər iki futbolçu 2022/23 mövsümünün sonuna kimi icarədə oynayacaq.
Viktor Kovalenko 2021-ci ilin fevral ayında Ukraynanın “Şaxtyor” (Donetsk) klubundan “Atalanta”ya transfer olunsa da, bu komandada möhkəmlənə bilməyib. Bu üzdən o, ötən mövsümü də icarə əsasında məhz “Spetsiya”da keçirmişdi. Ukraynalı yarımmüdafiəçi geridə qalan mövsümdə bu komandanın heyətində meydana çıxdığı 26 oyunda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. 26 yaşlı futbolçu Ukrayna yığmasında 33 oyun keçirib.
Nikolo Kambyaqi isə “Atalanta”nın öz yetirməsidir. 21 yaşlı italiyalı hücumçu Berqamo klubunun əsas komandasında debüt etməsə də, “Recana” və “Pordenone” kimi klublarda icarədə oynayıb. O, B Seriyasında meydana çıxdığı 54 oyunda 7 qol vurub, 5 məhsuldar ötürmə edib.
Yeri gəlmişkən, “Atalanta”nın müdafiəçisi Xose Luis Palomino antidopinq qaydalarını pozduğu üçün müvəqqəti olaraq komandadan kənarlaşdırılıb. Onun komandadan nə qədər ayrı qalacağı bilinmir. Argentinadan olan 32 yaşlı mərkəz müdafiəçisi 2017-ci ildən “Atalanta”da çıxış edirdi. O, bu komandada 203 oyuna çıxıb, 8 qol vurub. Təcrübəli futbolçu əvvəllər “San Lorenso”, “Argentinos Xuniors”, “Mets” və “Ludoqorets” kimi klubların da formasını geyinib.
Bizi Facebook-da izləyin