Elxan Məmmədov UEFA-nın baş katibi ilə görüşdü
İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında AFFA-nın baş katibi Elxan Məmmədov Avropa futbol təşkilatındakı həmkarı Teodor Teodoridislə görüşüb.
Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, görüşdə bir sıra məsələlər müzakirə olunub. Elxan Məmmədov Avropa və dünya çempionatlarının seçmə mərhələ oyunlarında VAR sisteminin tətbiq olunmasını təklif edib.
Teodoridis bildirib ki, bu ilin noyabr ayının sonunda Buxarest şəhərində UEFA-nın üzvü olan bütün milli assosiasiyaların rəhbərləri ilə keçiriləcək ənənəvi görüşdə UEFA prezidenti Aleksander Çeferinin təşəbbüsü əsasında bu məsələ ətrafında fikir mübadiləsi aparılacaq, prezentasiya təqdim olunacaq və seçmə mərhələ qarşılaşmalarında VAR-ın mümkün olub-olmaması müzakirəyə çıxarılacaq.
UEFA-nın baş katibi ilə müzakirə olunmuş digər məsələ oyunlar zamanı stadionların üzərində idarə olunan uçuş aparatlarının – dronların istifadəsi ilə bağlı olub və bildirilib ki, təhlükəsizlik baxımından bu kimi hallara xüsusi diqqət yetirilməlidir.
Daha sonra Elxan Məmmədov AÇ-2020-nin Bakıda keçiriləcək 4 oyununa hazırlıqla bağlı UEFA-nın baş katibinə ətraflı məlumat verib.
Bizi Facebook-da izləyin