“İstefa verməkdən qorxmuram” – Mahmud Qurbanov

“Səbail”in baş məşqçisi Mahmud Qurbanov Premyer Liqanın 16-cı turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 1:2 hesabı ilə məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Uduzmaq heç kimə xoş deyil. Bura qələbə üçün gəlmişdik. Məğlub olanda oyunçulara daha çox irad bildirmək olur. Matça pis başlamadıq. Qolu da vurduq. İlk hissədə yaxşı oynadıq. İkinci hissədə uşaq səhvləri etdik. Premyer Liqada oynayan futbolçular belə səhv etməməlidir. Müdafiədən çıxanda etdiyimiz səhv qapımıza ikinci qolla nəticələndi. Hesabı bərabərləşdirmək alınmadı. Reallıq budur ki, məğlub olduq. Hələ ki, yerimizdə sayırıq.

Bu vəziyyətdən çıxmağa çalışırıq. Məğlubiyyətlər davamlı olanda komandanın içində ab-hava yaxşı olmur. Bir tərəfdən də buna öyrəşməli oluruq. Oyundan qabaq zədəlilərimiz var idi. Ehtiyat oyunçular skamyamız geniş deyil. Oyunu dəyişə biləcək futbolçularımız yoxdur. Qarşıda oyunlarımız var. Dəyişikliklər ola bilər. Bir oyunçuya yox, bütün oyunçulara iradımız var. Uduzmuşuqsa, səhv bizdədir. Məğlubiyyətdə fərd olaraq kimisə günahlandırmaq fikrimiz yoxdur. Həmişə uduzan baş məşqçilər olur.

Ən çox səhvlərimiz müdafiədədir. Bu gün də rəqibə qapıya zərbə vurmağa imkan verdik. Olan oyunçularımız budur. Vaxtaşırı futbolçuların yerini dəyişirik. Qışı gözləməliyik. Hər oyunda edilən səhvlər bizə baha başa gəlir.

Mən istefa verməkdən qorxmuram. Həyatın hər sürprizinə hazıram. Tək futbolda yox, həyatda da. Komanda məğlub olursa, belə söhbətlər həmişə olacaq. Uduzmağı xoşlamıram. İstəyirəm ki, futbolçular da bunu dərk etsin. Məni ən çox narahat edən budur. Nə olacaqsa, klub rəhbərliyi qərar verəcək”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button