İstefa vermək ayıb deyil
Oxucudan
Bu yazını Elxan Məmmədovun oxuyub-oxumayacağını bilmirəm, amma baş katibin radioda, TV-də çıxışının məğzini mətbuatdan izlədim. Elxan Məmmədov cənablarının söhbətinin canı budur ki, “Burda mənəm, Bağdadda kor xəlifə”, hələ uzun illər mənim istədiyim futbolu izləyəcəksiz. İstər Premyer Liqada sabah 6, ya da 4 komanda olsun, milli komanda 0 xal yığsın, ürəyinizi tutub izləməyə məhkumsuz.
Elxan Məmmədov hələ çox illər postundan bərk yapışıb, məhv olmuş futbolumuzu özü ilə bərabər o dünyaya aparmaq sevdasındadır. Nə vecinə, öz kefindədir, millinin hər oyunundan sonra canı yanan, cansıxıcı Bakı çempionatını izləməkdən yorulan biz azarkeşlərik. Məmmədov hardan bilsin ki, yağışda-qarda oyunları izləmək üçün azarkeşlər hansı maneələri aşıb gəlir. Şıdırğı yağışlı gündə, üç nəfərlə bir çətirin altında birinci divizionun “Xəzər Lənkəran” – “Şilavar” oyununu izləyəndə futbolumuzun gələcəyinə olan ümidlərim nə qədər xoş idisə, sizin “islahatlarınız”dan sonra bu ümidlər yox oldu. Soruşsaz ki, “Şilavar” hansı rayonun komandasıdır, elə o da Lənkəranı təmsil edirdi. Bəli, bəli, Lənkəranın iki komandası! “Xəzər Lənkəran” kimi Azərbaycan futboluna yeni nəfəs gətirən, hər oyununda stadionu tamamilə dolan bir klubu məhv etdiz. Onun kimi neçə-neçə rayon klublarını da bu siyahıya salmaq olar. Sonuncu bölgə klubu “Qəbələ” qalmışdı, deyəsən, o da tarixə qovuşur. İstədiyiniz tam tərkibdə Bakı birinciliyi olacaq – barmaqla sayılacaq azakeşi olan, dadsız-duzsuz milli çempionatımız! Əyalətlər futbolsuz, çempionat maraqsız, milli komandadan da danışmağa dəyməz.
Siz isə danışırsız! Jurnalistləri, hakimləri, klubları, daha kimləri uğursuzluqların səbəbkarı kimi göstərirsiz. Amma kaş bir dəfə də güzgüdə əksinizə baxıb, günahkarın özünüzün olduğunu qəbul edəsiz. Futbolumuzun gələcəyinin parlaq olmasını sidq ürəklə istəyirsizsə, postunuzu işini bacara bilən başqasına təhvil verin. İstefa vermək ayıb deyil. Necə ki, Ermənistanda İtaliya millisinə 1:9 hesablı məğlubiyyətdən sonra utanmazlar utanıb postlarından getdilər.
Sizdən sonra futbolumuzun uçurumun dibindən yuxarılara qalxacağı, futbolumuzu bataqlığa salan AFFA rəhbərliyinin və onlara dəstək verən futbol veteranlarımızın yaşıl meydanlardan gedəcəyi günün səhərini açmaq ümidi ilə…
P.S. Yenə yağış yağır. Yağan yağış bu 12 ili yuyub bizi keçmişə qaytaraydı, ümidlərimizin cücərdiyi günlərə su səpib, bizi sevindirəydi…
Bu yerləri, bu göyləri
Yağış yuyur, gün qurudur.
Bu dünyada çox şeyləri
Yağış yuyur, gün qurudur.
Hüseyn Əflatunoğlu
Bizi Facebook-da izləyin