“İstefa verməyəcəm” – De Byazi
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Estoniya yığmasına qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, italiyalı mütəxəssis 1:1 hesabıyla bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
“İlk hissəni standartlardan çox aşağı səviyyədə oynadıq. Birinci hissədə oyunumuz alınmırdı, topu idarə edə bilmirdik. Bu üzdən fasilədən sonra 3 əvəzləmə etdik. Düşünürəm ki, daha çoxuna layiq idik. 90-cı dəqiqədəki epizodda bəxtimiz gətirsəydi, qələbə qazanardıq. Birinci hissədən narazı, ikinci hissədəki çıxışdan razıyam. İlk yarıda rəqib hətta daha iki qol vura bilərdi. Ancaq fasilədən sonrakı çıxışımızla qələbəyə layiq idik”.
67 yaşlı məşqçi qarşılaşmadan əvvəl sistemi dəyişmək barədə düşündüyünü etiraf edib:
“Çoxdan idi 4-2-3-1 sxemi ilə oynayırdıq. Matçdan əvvəl sistemi dəyişməyi düşündüm. Amma sistem dəyişsəydim və oyunumuz alınmasaydı, məni öldürərdiz. Bizdə mövsüm bitib, rəqibdə isə çempionat davam edir. Bu gün güclü komanda ilə qarşılaşırdıq. Nəticəyə görə məyusam, amma komandamın ikinci hissədəki çıxışından razıyam”.
İtaliyalı mütəxəssis sərəncamında güclü futbolçular olmadığını etiraf edib:
“Qrupumuz barədə nə düşünürsüz? Uğur qazanmaq üçün yaxşı “maşın” olmalıdır. Biz bunun üzərində çalışırıq. Buradakı futbol cəmiyyətində nələrin baş verdiyini məndən yaxşı bilirsiz. Qısa müddətdə belə az oyunçu ilə uğur qazanmaq asan deyil.
Açığı, daha güclü millidən təklifim var idi. Sadəcə, bura ilə müqaviləm davam etdiyi üçün atıb getmək istəmədim. Özüm getməyəcəyəm, buradayam, işimi görürəm. Məni ancaq qovsalar, gedəcəyəm”.
Bizi Facebook-da izləyin