“İstefa” şüarları nəticəsini verib – Elxan Məmmədov göndərilir
Futbol üzrə Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Bakıda Slovakiyaya 1:5 hesabı ilə məğlub olması futbol ictimaiyyəti tərəfindən belə desək, həzm olunmadı. Oyunun gedişində 20-dən çox azarkeş “istefa” şüarını səsləndirdiyi üçün polis bölməsinə aparıldı. Oyundan sonra isə sosial şəbəkələrdə AFFA rəhbərliyi, xüsusilə də, baş katib Elxan Məmmədov tənqid olundu, onun istefası tələb olundu.
Komanda.az-ın əldə etdiyi məlumata görə, insanların həm stadionda, həm də sosial şəbəkələrdə “istefa” tələbi nəticəsini verib. Elxan Məmmədova istefa ərizəsini yazmaq tapşırılıb. Bəs baş katib postunu nə vaxt tərk edə bilər? Məsələ burasındadır ki, azarkeşlərin (bura xeyli sayda idman jurnalisti də daxildir) “istefa” şüarları dövlət səviyyəsində narahatlıq yaradıb. Məlum olduğu kimi, sosial şəbəkələr dövlət qurumları tərəfindən daim təqib olunur, izlənilir və istənilən kütləvi narazılığa reaksiya verilir. Elxan Məmmədovun həm stadionda azarkeşlər tərəfindən, həm də sosial şəbəkələrdə istefasının tələb olunması da (bunların üzərinə futbol üzrə milli komandaların bərbad çıxışlarını da gəlin) diqqətdən qaçmayıb. Sadəcə, “istefa” şüarlarından dərhal sonra baş katibin postundan uzaqlaşdırılması belə demək mümkünsə, həssas məsələ olduğu üçün, onun istefasının daha sakit zamanda baş verməsi lazım bilinib.
Yaxın zamanlarda Elxan Məmmədovun AFFA-nın baş katibi postundan getməsi xəbərinin veriləcəyi gözlənilir.
Bizi Facebook-da izləyin