“Bayern”in futbolçusu həbs olunacaq
İspaniyanın Madrid şəhərindəki 32 nömrəli məhkəmə “Bayern” klubunda çıxış edən Lukas Hernandesə həbs cəzası verib.
Komanda.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Məhkəmənin qərarına görə, fransalı müdafiəçi cəmiyyət içərisində ailəiçi şiddətdə ittiham olunur və noyabrın 19-da məhkəməyə çıxmalıdır.
Hernandes 2017-ci ildə “Atletiko”da çıxış edərkən, həmin dövrdə evli olduğu Amelie Lorenteylə küçədə dava edib. Hadisədən sonra hər iki şəxs haqqda intizam işi açılıb. Həmin vaxt məhkəmənin qərarıyla Hernandes 6 aylıq uzaqlaşdırma cəzası alıb. Buna baxmayaraq, o, həyat yoldaşıyla istirahətə gedib və İspaniyaya qayıtdıqda polis tərəfindən saxlanılıb. Futbolçu daha sonra sərbəst buraxılıb.
İspaniya məhkəməsi 2019-cu ildə Hernandesə bu məsələylə bağlı 6 aylıq həbs cəzası verib. Fransalı oyunçu buna etiraz etsə də, etirazı rədd edilib. Hernandesin özünün seçəcəyi bir həbsxanada qalmasının təmin edilməsi üçün noyabrın 19-na məhkəmə iclası təyin edilib.
Hernandesin vəkili qərara etiraz etmək üçün daha üst səviyyəli məhkəməyə müraciət edib.
Müdafiəçi bir neçə gün əvvəl Fransa yığmasıyla UEFA Millətlər Liqasının qalibi olub.
Bizi Facebook-da izləyin