İspanların “xilas etdiyi” AÇ-2024-ə sözardı

İki gün əvvəl həyəcanlı və gərgin final ilə bir aylıq futbol şousu başa çatdı… demək istəyərdim. Ancaq bu yazının mahiyyəti bir tərəfdən AÇ-2024-ə xülasə verərkən dünya futbolunu nə gözlədiyindən danışmaq olacaq. 2.7 milyona yaxın adamın stadiondan izləyərək Fransa-2016-nın rekordunu qırdığı AÇ-24 acısıyla, şiriniylə tarixin yaddaşına həkk olundu. Amma özüylə bərabər çoxlu sualı və nidanı “süfrəmiz”ə qoyub getdi. Bəli, 2.7 milyon adam 51 oyunu canlı olaraq stadionda izlədi. Bu, həqiqətən gözəl rəqəmdir. Boş yer demək olar qalmadı. Tribunlar bütün oyunlarda karnavalı xatırladırdı. Niderland narıncısı, ispan qırmızısı ilə, ingilis bayrağının ağı, türk al qırmızı ilə yarışdı. Çempionatın bu istiqamətdə qaliblərini seçsək, hər halda, daha maraqlı və həyəcanlı mübarizəyə şahidlik etmiş olardıq. Almaniyanın əsl futbol ölkəsi olması və Avropanın mərkəzində yerləşməsi yüz minlərlə azarkeşi bura cəlb etdi. Hətta hər fürsətdə yeni dəb olan “qərbi Avropa milliyətçiliyi”ni bürüzə verən mediada 2.7 milyon və rəngarəng azarkeş görüntülərinə mədhiyyələr düzüldü. Təbii ki, sıravi futbol azarkeşi kimi tribunlarda şou görmək mənə də xoşdur. Yoxsa ki, 112 azarkeşlə oynanan Premyer Liqamız kimi olası deyildi ki? Amma 2010-da CAR-da azarkeşlər hoqqa vermişdi və əmin olun, 2032-ci ildəki AÇ-də türkiyəli azarkeşlər turniri bayrama çevirəcək. Putin imkan versə…

Qayıdaq 2024-cü il qitə çempionatına. Onun haqda isə elə yuxarıda bəhs etdiyimdən savayı müsbət məqam tapmaq həqiqətən çətindir.

Layiqli çempion

Bəli, başlıqda da yazdığım kimi, İspaniyanın, turnirdə çempionluğa şəkk və şübhəsiz layiq yeganə komandanın qələbəsi təsəllimiz oldu. Heyf ki, səbətlər Almaniyanı ispanların önünə finaldan əvvəl, 1/4 finalda çıxardı və onlar da ləyaqətli mübarizə aparsalar da, nəticədə, hamını meydandan silən “buğalar” qarşısında duruq gətirə bilmədilər. 7 oyunda 7 qələbə qazanan ispanlara ən layiqli müqaviməti bir ilk oyunda xorvatlar, bir də elə həmin almanlar göstərə bildi. İlk oyundakl 3:0 bizi yanıltmamalıdır, çünkü xorvatlar oyun ərzində topa ispanlardan daha çox sahib olan yeganə komanda oldu və qol gözləntisində də onlar üstələdi – 2.1:2.3.

Bundan savayı, turnirdə birmənalı olaraq passiv, təmkinli, nəticəyə hesablanmış oyun söz sahibi oldu. Bu mənada çempionatın ən maraqlı oyunu kimi Niderland – Avstriya (2:3) oyununu qeyd etmək olar ki, orda geniş anlamda itirəcək heç nəyi olmayan iki komanda qələbəyə oynadı və daha canlı və sərrast olan Avstriya üstün oldu. O Avstriya ki, qrup mərhələsindəki oyunu ilə hamını özünə heyran etdi və “ölüm qrupu”ndan birinci yerlə 1/8 finala yüksəldi. Və insafən, daha üstün oynasa da, Türkiyə yığmasına məğlub olub, alqışlar altında turniri tərk etdi.

Bizim çocuklar

Turnirdə bizim ürəyimiz Türkiyə yığması ilə idi. Bu, anlaşılandır. Ay-ulduzlular yavaş və anlaşıqsız başlayıb, birtəhər qrupdan atlayıb pley-offda qızışdılar, amma bu, niderlandlıları üstələməyə bəs etmədi. Yoxsa o “cinah”ın onsuz da, turniri ortabab keçirən kollektivlərdən ibarət olduğu, hansısa bəxtəvərin özünü birtəhər finala atacağını bilirdik. Və bu bəxtəvər İngiltərə oldu. Oradan kim gəlsəydi də, məsələn, bir Almaniya qədər finala layiq olmayacağını düşünürdüm və hələ də düşünürəm. Türkiyə bu anlamda Niderlandla oyunda 10 dəqiqə sürəti azaltdı və o 10 dəqiqə uğursuz nəticə bahasına başa gəldi. Amma bir neçə ildir keyfiyyətli oyunçular yetişdirən və maraqlı heyətlər formalaşdıran Türkiyə yaxın illərdə daha “dişli” olacağını göstərdi. Montella öz işində püxtələşərsə və ya bu heyəti ispanların Luis de la Fuentesi kimi idarə edə biləcək məşqçi tapılarsa, turnirin ən gənc yığması olan Türkiyə gələcəkdə çox böyük sürprizlər edə bilər. Heyətdəki oyunçuların əksəriyyəti DÇ-2026 və AÇ-2028-də zirvə formalarında olacaqlar.

De la Fuente effekti

Turnirin kəşfi kimi yəqin ki, çoxunuz Lamin Yamal və Arda Gülərin adını çəkərdi, amma məncə, bu, 64 yaşlı Luis de la Fuente oldu. İspaniyaya 19 və 21 yaşlılarda Avropa çempionluğu, Olimpiya gümüşü qazandırmış təcrübəli məşqçi 30 ildir meydançanın kənarından yetirmələrinə göstərişlər versə də, dünya futbolunda çox da məşhur olmayan, sıravi məşqçi idi… Dünənə qədər.

İspaniyanın oynadığı futbol bu gün axına qarşı getmək deməkdir. Hamının təmkinlə rəqibin səhvini gözlədiyi, futbolu bir növ hakinq edib boşluqlara oynamağa çalışdığı vaxtda, de la Fuente gənc və dinamik uşaqları bir yerə yığıb, dəli pressinq, sürətli ötürmələr, rəqibi boğaza yığmaq və düşünməyə imkan verməmək şüarlı oyun oynadır. Bu, gözə və ürəyə xoş gələn, eyni zamanda da nəticə verən oyun AÇ-ni darıxdırıcı bir teatr olmaqdan xilas etdi… Bir az… Bu oyunu oynamaq çox risklidir, çünki sürətli verilən qərarların xətalı olması və rəqibə böyük fürsətlər verməsi mümkün idi. Amma turnirin gedişində gördük ki, heç bir rəqibin İspaniyaya verməyə hazır cavabı yox idi. Halbuki, İspaniya bu çempionatda demək olar, ən güclülərin hamısı ilə oynadı. Niderland, Portuqaliya və o sırada saymaq mümkünsə, Belçikadan başqa. Yəni nə Kilian Mbappe, nə Camal Musiala, nə Harri Keyn, nə başqasının İspaniyanı cəzalandıracaq arsenalı var idi.

Rodrinin “qızıl top”unu verin!

Diqqətlə baxanda, İspaniyanın heyətindən sadəcə Rodri bütün mövsümü yüksək tempdə keçirmiş və 50-dən çox oyunda iştirak etmişdi. Bu anlamda bir çox komanda turnirə özüylə mövsüm yorğunu oyunçular gətirmişdi. Amma yenə də, turnirin ən yaxşısı qeyd-şərtsiz Rodri idi. Elə həmin yorğun və finalda da zədələnən Rodri.

Bu arada, mütləq qeyd etməliyəm, ümid edirəm, FİFA və UEFA bu il “ən yaxşı oyunçu ancaq hücumçulardan seçilir” qaydasını pozacaq. “Qızıl top” Rodrinin haqqıdır və verilərsə, gözəl olar.

Futbolun qapıçı və hücumçu dərdi

Bu turnir futbolun “tutanın və atanın” qaydasını pozdu. Menyan, Mamardaşvili, bir az da bəzi məqamlarda Günok və Pikford. Amma qapıçılar artıq o qədər də önə çıxmır. Təsadüfi deyil ki, hazırda dünyanın ən bahallı qapıçıları – Dioqo Koşta, Donnarumma və Kobel – 40 milyon avroya dəyərləndirilir. Bir vaxtlar Alisson Bekkerin dəyəri 80 milyona qədər qalxmışdı. Qapıçı dünyasında qəribə eniş var.

Hücumçular da bu turnirdə ancaq məyus etdi. 7 oyunluq turnirin “qızıl butsu”nu 3 qola 2 ötürmə əlavə etdiyi üçün yarımmüdafiəçi Dani Olmo qazandı. Cəmi 3 qol. Keynlər, mbappelər, kriştianolar, lukakular, havertslər… Sadəcə məyusluq…

İspanlar və digərləri

Biz də turnirin ən yaxşı heyətini formalaşdırarkən ora qoymağa hücumçu tapmayıb, Madrid “Real”ının sistemi ilə getdik. Çud Bellingem “saxta 9” nömrəni götürdü. “Team of the Tournament” demişkən, bu seçim də turnirlə bağlı ağrılı durumu bir daha göstərir. Faktiki, çempionatboyu sabit kefiyyətli oyunu ancaq İspaniya yığmasından gördük və prinsipcə, onların heyətini önümüzə qoyub, 2-3 dəyişiklik etməli olduq. Hansısa ispanı üstələyib oraya düşə bilənlər isə turnirdə fərdi keyfiyyətləri ilə seçilənlər oldu.

Şübhə yoxdur ki, Unay Simon yaxşı qapıçı olsa da, turnirin təbiəti onun güclü tərəflərini göstərməsinə şərait yaratmadı. Amma onun əvəzində fransalı Menyan və gürcü Mamardaşvili azarkeşlərin hörmətini qazandı.

Müdafiədə ispan olmayan daha çox oyunçu özünə yer tapır. Fərdi Kadıoğlu turnirin parlayan ulduzlarından oldu. Özəlliklə, Avstriya ilə oyunun son saniyəsində ani sürət götürüb rəqiblərini arxada qoyması və Barış Alper Yılmazı hücuma atması, onun enerjisi və futbol zəkasını milyonlara sərgilədiyi an oldu. Niderland futbol məktəbinin türk yetirməsi yəqin ki, tezliklə böyük klublarda oynayacaq, artıq 40 milyon avrodan yüksək qiymətləndirilir.

41 yaşlı Pepe bəzən xırda səhvlər etsə də, sadəcə inanılmaz idi. Və fransalı Jül Kunde. Əslində mərkəz müdafiəçisi olsa da, Didye Deşam onu sağda oynatdı və Kunde bəzi oyunlarda sadəcə ağlasığmaz işlər görürdü. İspaniyaya qədər oyundan qol buraxmayan Fransa yığmasında məhz Menyan və Kunde öz işlərinin öhdəsindən layiqincə gəldi.

Bu dördlüdən əlavə, bir də bayaq adını çəkdiyim Bellingemi “ilk 11”-ə daxil etməsəydim, olmazdı. Bellingem turnirin ən gözəl qollarından birini vurub komandasını xilas etməkdən əlavə, ağır mövsümün arxasınca AÇ-2024-ü də yüksək tempdə keçirdi. İngiltərə yığmasında o və Pikford öz oyunları ilə müsbət qiymətə layiq idilər.

İspanlardan isə müdafiənin ürəyi Emerik Laport, komandanın onurğa sütunu Rodri, turnirə möhtəşəm start verən Fabian Ruiz, sonradan açılışan Dani Olmo və gənc cinah oyunçuları Niko Uilyamsla 17 yaşlı vunderkind Lamin Yamal. Və əsas məsələ odur ki, bu heyətdən 3-4 nəfər çıxmaqla hamısı hələ 3-4 böyük turnir oynayacaq. İspaniya yığması yeni dominasiya dövrünə qədəm qoyub deyəsən…

Futbolun gələcəyi

Uruqvay yığmasının argentinalı çalışdırıcısı Marselo Byelsa Amerika kubokundakı mətbuat konfransında futbol dünyasını gözləyən təhlükədən aramla və olduqca bədbin tonda danışdı. Dedi ki, biz futbolda şounu çıxarmaq və yerinə nəticəyə fokuslanmanı qoymaq tendensiyasından vaz keçməzsək, bu oyun yaxında heç kimə maraqlı olmayacaq. AÇ-2024 onun sözlərinin sübutu oldu. Düzdür, milli bayraqların təəssübkeşliyi azarkeşləri stadionlara və ekran başına çəksə də, bir an durub düşünən hamı futbolun gəldiyini durumdan şikayətçidir. Futbol onsuz da çoxdandır oyun deyil, sənayedir. Amma bu artıq lap dadsız bir hal alıb. Elm və bilgi futbolun incəsənət ruhunu, içindəki dinamika və estetikanı öldürür. Hamı oturub rəqibin səhvini gözləyir. Futbol 40 ilə yaxındır praqmatik idman olsa da, heç olmasa, 2000-ci illərə, lap uzağı 2010-lara qədər parlaq ulduzlar gözümüzə işıq gətirirdi. Artıq o da qalmayıb. Ən böyük klubların belə heyətinə baxanda, sıravi və öz rolunu yerinə yetirməklə məşğul olan adlar görürük. Ulduzlar sönüb! O “Milan”, o “Los Qalaktikos”, o MY… O dərya heyətlərə həsrət qalmışıq. Bu, böyük ehtimal belə davam edə bilməz və bir çarəyə ehtiyac var. Amma nəticənin bu qədər gəliri müəyyən etdiyi, gəlirin də ən vacib hədəf olduğu futbol sənayesi bu mənada çətin ki, özünü dəyişmək istəsin. Dəyişikliyin mənbəyi və forması hazırda sual olaraq qalıb. Ümid edək ki, hər şeyin axırına çıxan sənayeləşmə futbolu da birdəfəlik əlimizdən almayacaq.

Xırda-xırda
* Kriştiano Ronaldo 6-cı Avropa çempionatında iştirak edərək, demək olar əlçatmaz bir rekorda imza atdı. Amma sadəcə bir məhsuldar ötürmə ilə yadda qaldı. Yenə də, 6 turnirdə qolda iştirak edən ilk futbolçu adına da sahib çıxdı.

* Kroos, Müller, Pepe, Naço Fernandes, Jiru kimi böyük ulduzlar yığma karyerasını başa vurdu və son böyük turnirində meydana çıxdı.

* Lamin Yamal 17 yaşı tamam olmağa 3 gün qalmış AÇ tarixində fərqlənən ən gənc futbolçu rekordunu qırdı. Böyük turnirlərin finalında meydana çıxan ən gənc oyunçu da yenə 17 yaş 1 günlüyündə bu gənc ispan oldu. Yamal hələ çox rekordlar qıracaq kimi görünür.

* Bu turnirdə AÇ tarixində fərqlənən ən yaşlı oyunçu rekordu da Luka Modriç tərəfindən qırıldı. İtalyanlara qol vurarkən o, 38 yaş 289 günündə idi.

* Meydana daxil olan azarkeşlərin həddi-hesabı itdi. Xüsusilə, Türkiyə ilə oyunda Kriştiano Ronaldo ilə şəkil çəkdirmək üçün 4 azarkeş meydana girdi ki, portuqal ulduz axırda bezdi.

* Turnir VAR-ın keyfiyyətsiz və yersiz istifadəsinə görə yadda qaldı. Millimetrik ofsaydlar, şübhəli epizodlarda VAR-a getməyən hakimlər və sair.

* Albaniyalı Nedim Bayrami İtaliya ilə oyunun 23-cü saniyəsində fərqlənərək AÇ tarixinin ən sürətli qoluna imza atdı.

* Macar hücumçu Barnabas Varqanın şotlandlarla oyunda rəqib qapıçı ilə toqquşub huşsuz halda yerə yıxılması və ardınca tibb personalının müdaxiləsi bizə Kristian Eriksenin üç il öncəki AÇ-də yaşadıqlarını xatırlatdı.

* UEFA Merih Demiralı bozqurd hərəkətinə görə iki oyunluq diskvalifikasiya edərək, absurd qərara imza atdı. Halbuki “Bozqurd” nə UEFA və FİFA tərəfindən qadağalar siyahısına əlavə edilib, nə də Almaniyada qanunla qadağan olunub.

Vüsal “Aydın” Qəmbərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button