İslamiada: Azərbaycan güləşçilərindən daha 5 medal!

Türkiyənin Konya şəhərində keçirilən İslam Həmrəyliyi Oyunları çərçivəsində güləş yarışları davam edir.

Komanda.az xəbər verir ki, Konya Texniki Universitetində təşkil olunan yarışın üçüncü günündə yunan-Roma güləşində 55, 63, 72, 82 və 97 kq-da, qadın güləşində isə 55 və 65 kq-da ölkəmizi təmsil edən idmançılar mübarizə aparıb.

Yunan-Roma güləşi

Eldəniz Əzizli (55 kq) türkmənistanlı Ümid Durdiyevə (8:0) və qazaxıstanlı Amangali Bekbolatova (3:1) gücünü göstərərək adını finala yazdırıb. Dünya və Avropa çempionumuz həlledici görüşdə özbəkistanlı Jasurbek Ortikboyevlə qarşılaşıb və rəqibinə tam üstünlüklə (10:1) qalib gələrək İslam Həmrəyliyi Oyunlarının qızıl medalını qazanıb.

Taleh Məmmədov (63 kq) təsnifat mərhələsində çətinlik çəkmədən Səudiyyə Ərəbistanı təmsilçisi Mes Alsubayeyə 11:0 hesabıyla qalib gəlsə də, 1/4 finalda eyni hesabla özbəkistanlı Turabek Tirkaşevə uduzub.

Ülvü Qənizadə (72 kq) türkiyəli Murat Dağ (10:1) və qırğızıstanlı Bek Konurbayevi (9:0) tam üstünlüklə yolundan kənarlaşdıraraq finala vəsiqə qazanıb. Qənizadə finalda iranlı Mahmud Rüstəmiylə gücünü sınayıb. Olduqca gərgin mübarizə şəraitində keçən, mübahisəli hakim qərarlarıyla müşahidə edilən görüşdə minimal fərqlə (8:9) uduzan Ülvü gümüş medalla kifayətlənib.

Rafiq Hüseynov (82 kq) əfqanıstanlı Əhməd Nəbizadəyə (8:0), türkmənistanlı Toyli Orazova (9:0) və türkiyəli Əmrah Kuşa (2:1) qalib gələrək finala yüksəlib. Dünya və Avropa çempionumuz həlledici görüşdə qırğızıstanlı Kalidin Asikeyevlə münasibətləri aydınlaşdırıb. İlk hissəni 0:3 hesabıyla geridə başa vuran Rafiq yekunda 6:3 hesablı əzmkar qələbəylə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Arif Niftullayev 1/4 finalda iranlı Mehdibali Balihamzehdeyə məğlub olub – 0:8.

Qadın güləşi

55 kq-da mübarizə dairəvi sistem üzrə keçirilib. Elnurə Məmmədova (55 kq) ilk turda türkiyəli Zeyneb Yetgilə (2:3), ikinci turda özbəkistanlı Şoxida Əhmədovaya (5:6) minimal fərqlə məğlub olub. Məmmədova sonuncu – 3-cü turda tunisli Faten Hammami ilə üz-üzə gəlib və 11:0 hesablı qələbəylə bürünc medalı boynundan asıb.

Elis Manolova B qrupunda ilk görüşdə özbəkistanlı Ariuxan Jumabayevaya 5:0 hesabıyla qalib gəldikdən sonra qazaxıstanlı Yelena Şaliginanı “tuşe” ilə xalçadan məyus yola salıb və qrup lideri kimi yarımfinala yüksəlib. Yarımfinalda kamerunlu Berte Emilyenə minimal fərqlə (2:1) qalib gələn Manolova finala adlayıb. Elis həlledici görüşdə yenidən Şaligina ilə qarşılaşıb. Bu dəfə sonuncu xal prinsipinə əsasən (3:3) rəqibinə uduzan güləşçimiz gümüş medalla kifayətlənib.

Beləliklə, bu gün güləşçilərimiz 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button