İslah(at)
Rəşad Fərhadoğlu
Futbol başqa nəmənədir Azərbaycanda. Başqa ölkələrdə normal nəmənədir. “Normal” deyərkən, bizdə də digər ölkələr kimi, istər iqlimimiz, istər havamız-suyumuz, istərsə də digər sahələrimiz qaydasındadır və ya, qaydasında ola bilər. Gəl ki, fərqli insanlara malik olmamız çox şeyin üzərindən xətt çəkir. Məsələn, bizim bu Makintoş, tfu, yenə dilim sürüşdü, bizim futbolu idarəedənlər.
Azərbaycan həqiqətən unitar və unikal ölkədir. Biri necə olursa, digərləri unitarlığı və unikallığı korlamamaq üçün özünü ona bənzədir. Nəticədə, özünü idarə edə bilməyən insana futbolu idarə etmək həvalə olunursa, sərsərilik, səviyyəsizlik kütləviləşmək məcburiyyətində qalır. Durum göz qabağındadır.
Daxili İşlər Nazirliyinin gündəlik xəbərlərinə nəzər salırsan, dəhşətə gəlirsən. Hər gün dağda-daşda, lap elə asfaltda onlarla cinayətkar yaxalanır. Xeyr, adamı dəhşətə gətirən odur ki, cinayətkar sayılan kəslərin törətdikləri əməllər son 15 ildə futbolu bu kökə salanların yanında heç nədir. Amma yiyələri olmadığından, onlar ilişib, bunlar isə “xurma biznesi” ilə məşğuldur. Cəzasızlıq həyasızlığı labüd edib.
İslahat hər sahədə vacibdir. Amma yazıldığı kimi oxunarsa. Bizimkilər İslah-la at-ı ayrı-ayrı oxuyur və nəticədə, düşünürlər ki, bu termin Elçin Quliyevə aiddir, qoy gedib federasiyasında atlarını islah etsin. Düz sözə nə deyəsən?!
Adı 8, sayı 3-4 olan klubla Premyer Liqa keçirən, nə milli komandaları, nə də çempionatları düz-əməlli olan ölkəmiz 2020-də qitə birinciliyi keçirəcək. Bunun sayəsində uşaq “6 aylıq” dünyaya göz açacaq. Yəni, birdən-birə “qaz vurub, qazan doldurub”, Almaniya səviyyəsinə çatacağıq. Hansı beyin, hansı ağılla? Suala cavab axtarmağa dəyməz, labirint var.
Vladimir Putinə qibtə etməmək imkansızdır. Adama qəliz sual verən kimi, həmişə məsəl gətirir ki, bu gününüzə şükür edin, çünki sabah bu gündən betər ola bilər. Zalım oğlunun bu sözü sanki bizim üçündür. Dünən Sadıq Sadıqova, Cahangir Hacıyevə, Mübariz Mənsimova ağız büzürdüksə, bugünküləri görəndə, dünənimizi xoş günlər kimi yada salırıq. Sabahımız haqda isə düşünməməyə çalışırıq. Kaş 50 yaşında “Şöhrət” ordeni alan Siyavuş Novruzova həvalə edərdilər futbolumuzu!
P.S. Şükür məsləhətinə!
Bizi Facebook-da izləyin