İşinizlə məşğul olun
Vüsal “Aydın” Qəmbərov
“Qarabağ” “Rakuv”a ələnəndən çox keçib. Ondan sonra imkan tapıb HJK komandasını (Vallah, bu komandanın adı HİK deyil. O rusların “kəşf”idir. Və bizim şimal qonşumuzun ziyanlı təsirindən qurtula bilməməyimizin əyani sübutudur. Ortadakı hərf J-dir və klubun adı fin dilində “Hoyiko” oxunur) keçdilər, polşalılar isə sürəti aşağı salmadan Kipr “Aris”ini iki oyunda da əliboş qoyaraq, Çempionlar Liqasının pley-offunda “Kopenhagen”in rəqibi oldu. Və hazırda 5.500 xal ilə avrokubok mövsümündə ən çox xal toplamış komandadır.
Qayıdaq “Qarabağ”a və keçmiş məğlubiyyəti yada salmaq səbəbimə. O vaxt məğlubiyət yarasının yeri isti idi deyə, Qurban Qurbanova necəsə haqq qazandıran hansısa bir söz, ifadə “sifarişli yazı” tamı verdiyi üçün, dedim qoy ara sakitləşsin, elə özüm də məsələyə daha geniş prizmadan baxım, bir az araşdırım. Obyektivliyi saxlamaq və sözü doğru formada sərf etmək dəyərlidir.
Elə alındı ki, lap təzəcə baxdığım bir film “ilham pərimi” yuxudan oyatdı və məni göndərdi kompüterin qarşısına. Serena və Venus Uilyams bacılarının tennisə gəlişindən bəhs edən “Kral Riçard”a baxmamısızsa, heç vaxt itirmədən baxmağı tövsiyə edirəm. İdmanla peşəkar səviyyədə məşğul olanların isə ümumiyyətlə, bu filmə hərdənbir baxıb, yaddaşını təzələməsi və prinsiplərinə əl gəzdirməsi məsləhətdir.
Venus, Serena və onların üç bacısını, yəni beş qız övladını çətin şəraitdə böyüdən Riçard qızların hər biri üçün yol seçir və onların o yolda uğurlu olması üçün əlindən gələni edir. Özü və həyat yoldaşı idmandan gəldiyi üçün Venus və Serenanı peşəkar tennisçi etməyə qərar verir. Tennisin seçilməsi də əbəs deyil, çünki 90-cı illərə qədər hansısa qaradərilinin bu elit idman növündə özünü göstərməsi gözlənilməyən bir hadisə idi. Bu baxımdan, Riçardın Martin Lüter kimi bir missiyanın dalınca getdiyini də demək olar.
Venus 11 yaşında bütün Amerikanın diqqətini cəlb etməyi bacarsa da, ölkənin ən önəmli tennis məşqçilərindən biriylə işləməyə başlasa da, atası onun və Serenanın gənclərin turnirlərində iştirakına icazə vermir (Venusun Floridaya köçənə qədər bütün turnirlərdə iştirak etdiyi 67 oyunda da qələbə qazandığı deyilir). Və bunu tez zamanda məşhur olub, sonra bu məşhurluğu idarə edə bilməyən Kipriati kimi idmançıların nümunələri ilə izah edir. Bu dönəmdə hamı Riçardı qınayır və qızı üçün seçdiyi yolun (illər boyu sadəcə məşq edib, normal bir uşaq kimi yaşamaq) onun karyerasını məhv edəcəyini deyir. Məsələn, o dövrün məşhur məşqçilərindən olan Nik Bolettyeri xatırlayır: “Hamı deyirdi ki, Riçard dəlidir. Amma o əvvəllər heç kimin etmədiyini etdi: Qızları oynamağa qoymadı və onlara texnikalar öyrətdi”.
Hindistan filminin başqa səviyyəyə çıxmasında müstəsna əməyi olan Əmir Xanın möhtəşəm “Danqal” filmində isə yenə bir atadan, bu dəfə üç qızından, idman növü olaraq isə güləşdən bəhs olunur. Özü vaxtilə yaxşı güləşçi olsa da, imkan və məşqçi qıtlığından dolayı yüksək nailiyyətlər əldə edə bilməmiş Mahavir Sinx Foqat güləşçi kimi yetişdirmək üçün oğlan övladı arzu etsə də, Allah ona üç qız övladı verir. Qızlar böyüdükdən sonra onların da damarında güləşçi qanının boş yerə axmadığını görür və mühafizəkar bir hind kəndində, bütün təzyiqlərə rəğmən, üç peşəkar güləşçi yetişdirir.
İlk sətirlərlə iki film arasında əlaqəni qurmağa çalışırsız yəqin ki. Amma hər şey göründüyü kimi qarışıq deyil, əslində çox sadədir. İstər idmanda olun, istər hansısa başqa bir işlə məşğul olun, idarəetmənin bəlkə də, birinci qaydası qətiyyətdir. Sən demə, Yurgen Klopp üçün bu hətta qayda imiş: “Məşqçi bildiyindən əl çəkməməlidir. Sonuna qədər getməlidir”. Bu, bir oyunçuya inanmaq da ola bilər, bir sistemdə israr da ola bilər, Luçesku kimi, planlanmamış dəyişikliklər xaric, əvəzetmələri 60-cı dəqiqədə etmək də ola bilər.
“Xalqın gözü tərəzidir”-filan deyil. Xalqın gözünün nə qədər yanlış çəkdiyini bir marketinq mütəxəssisi kimi çox nümunələrlə sübut edə bilərəm. Hər bir işin necə və niyə elə olduğunu ancaq və ancaq o işin içində olanlar, hətta o qrup içində belə hamı yox, genişmiqyaslı qərarlarda iştirak edənlər bilir. Bu dünyada Riçard kimi prosesin gedişində dəli adlandırılan o qədər adam olub ki… Bu, qətiyyən boş xəyalın arxasınca qaçmaq ilə qarışıdırılmamalıdır. Burada ən vacib məqam özünəinam və ətraf mühitin təsirindən özünü təcrid etməkdir.
Arvadı və miniyi ilə birlikdə yola rəvan olan Mollaya hər situasiyada mız qoymağa nəsə tapanlardan xəbəriniz olmamış olmaz. Eşşəyə özü minib, arvadını yeridəndə olur “öküz”, arvadını mindirib özü yeriyəndə olur “arvaddanqorxan”, ikisi birdən minəndə olurlar “zalım”, heyvanı dincəltmək istəyəndə isə olurlar “maymaq”. Yəni, xalqı heç vaxt razı sala bilməzsən. Düzdür, marketinqdə bunun üçün yaxşı üsullar var. Amma bir marketer məsləhəti, kütlə eyni şeyi deyirsə, yaxşı-yaxşı fikirləşin ki, bu niyə belə olur…
Ona görə də, bir iş görürsənsə, işə qulaqlarını başqalarının sözlərinə qapamaqdan başlamaq lazımdır.
Bu elə gündəlik həyatımızda da belə deyilmi? Ətrafın fikrini nə qədər nəzərə almağa çalışsan, o qədər işin çətinləşir və uğur ehtimalın azalır. Məsələni təzadlı fikirlər söyləməyi sevən yazıçılarımızdan birinin dediyi kimi, “kütlənin fikrinə ürəkdən və ağız dolusu tüpürmək lazımdır” səviyyəsinə gətirmək istəmirəm. Amma istəsəz, siz edə bilərsiz…
Riçard övladlarının sadəcə tennis maşınına çevrilməməli olduğuna inanır və onların təhsillərinə də əhəmiyyət verir. Venus orta məktəbdə dörd dildə danışır. Qızlarının hamısı uğurlu şagirdlər olur. Bu, birbaşa əlaqəli kimi görünməsə də, əslində onların həm də yaxşı tennisçi olmasına kömək edir. Çünki intellektual qabiliyyəti yüksək idmançı hər zaman daha irəlidədir.
Bəli, məsələ “mən belə istəyirəm” cılızlığından çox uzaqda, rasional əsaslara söykənməlidir. Amma istənilən halda, verilən qərarın arxasında dayanmaq mütləqdir. Bunsuz irəli getmək mümkün deyil.
Xahiş edərdim ki, “İşinizlə məşğul olun”u “Onun-bunun işinə qarışmayın” şəklində oxmayasız, əksinə, “Öz işinizə fokuslanın və imkan verməyin kimsə sizin işinizə qarışsın” olaraq anlaşılsın. Cəmiyyət olaraq başqa cür bir yerə çıxacağımıza inanmıram.
P.S. Lunyovun gəlişi ən çox “Şah”ı inkişaf etdirəcək. Yaxşı olacaq…
Bizi Facebook-da izləyin