İşində ol, Məmmədov!
Rəşad Fərhadoğlu
Ermənilərlə ermənipərəst qüvvələr arasında fərq yoxdu. Amma ola da bilər. Məsələn, AFFA rəhbərliyi üçün “istefa” şüarının sifarişi ermənilərdən, icracısı ermənipərəstlərdəndi. 30 min “ermənipərəst”in bir hissəsi stadiona təşrif buyurub. Azərbaycan xalqına qarşı sərt rəftar edən polislərin bu qüvvələri stadiona buraxması, Daxili İşlər Nazirliyində “ermənipərəst qüvvələr”in cəmləşdiyinin göstəricisidi. Yoxsa, vətəni, milləti və futbolu üçün canını fəda edəcək Elxan Məmmədov və himayədarları ilə kimin nə işi ola bilər?! Məmmədov Elxan tutduğu vəzifədə qalmalıdı, ölənədək. Əvəzində ya Əzrail istefa verməlidi, ya da “istefa”nı düşünüb, qışqıranlar. Bu insanın gələcəyi qabaqdadı, görəcəyi işlər qabaqdadı. Maneəsiz irəliləməsi, işləməsi üçün lazım gələrsə, “istefa” sədalarına ev sahibliyi edən stadion sökülməlidi. Ən yaxşı halda “eşşək ferması”na çevrilməlidi.
Milli uduza bilər, darmadağın da ola bilər. Bundan AFFA-nın baş katibinə nə? Adam çıxıb futbolçuların yerinə oynayası ha deyil. Məmmədovun oynadığı iki məkan var: toylar və insanların əsəbi. İnanmıram toyda-düyündə düz-əməlli oynasın. Axı bu şəxs Azərbaycanca doğru-dürüst bilmir ki, bu dildə oxunan mahnılara necə oynaya bilər? İnsanların əsəbiylə oynamağa gəlincə, bu sferada peşəkardı. Hətta rəsmi Bakının belə, əsəbləriylə əla oynayır. Xalq dözümsüz olsa da, ölkə rəhbərliyi dözümlüdü.
Elxan Məmmədov baş katib postunu tərk edə bilər. Tək şərt AFFA prezidenti təyin olunmasıdı. Onun yetənəyi bu posta layiqdi. Heç olmasa, arxayın olarıq ki, dağıdıcı və yaradıcı fəaliyyəti futbolla məhdudlaşar. Allah göstərməsin, futboldan çıxıb orduya keçər, yaxud təhlükəsizlik strukturuna təyin olunar, evimiz yıxılar. Azərbaycanda ev yıxan təkcə fahişələr deyil!
Futbol üzrə AFFA yığmasının uduzmasını faciəyə çevirmək lazım deyil. Anlayış göstərməliyik. Səbrlə “lazım”ın gəlişini gözləməliyik. Gəlib çıxsa, təkcə Qarabağı deyil, milli kimliyimizi qaytarar. Hələlik isə kimliyimiz bircə şəxsiyyət vəsiqəsindən ibarətdi. Vəsiqəyə diqqətlə baxsaq, bəlkə də şəxsiyyətsizliyimizi, sınmışlığımızı görərik.
Azərbaycan futbolunun tək problemi inkişafın sürətinin tənzimlənməməsidi. Sürətliyik, ona görə də, kontrolsuz irəliləyirik. “Toyota” kimi, əyləc sistemimizdə problem var. Ustaya göstərilməlidi futbolumuz.
P.S. Məmmədov, dünyanı vecinə alma, işində ol!
Bizi Facebook-da izləyin