“İşimiz çətin olacaq” – Azərbaycan millisinin üzvü
Azərbaycan millisinin futzalçısı Tyaqo Bolinya final mərhələsi 2024-cü ildə keçiriləcək dünya çempionatının elit-raundunun püşkünü dəyərləndirib.
Komanda.az xəbər verir ki, o, işlərinin çətin olacağını deyib:
“İşimiz çətin olacaq, ancaq yaxşı şansımızın olduğunu da deyə bilərəm”.
36 yaşlı oyunçu nisbətən Qazaxıstan yığmasını favorit hesab etdiyini bildirib:
“Onların son illərdə daha yaxşı çıxış etdiklərini nəzərə almaq lazımdır. Rumıniya seçməsi ilə qarşılaşmasaq da, klub səviyyəsində “Araz-Naxçıvan”ın heyətində onların çempionu olmuş “Deva” ilə üz-üzə gəlmişdik. Məğlub olduğumuz qarşılaşma çox çətin keçmişdi. Niderland isə bir il əvvəl Avropa çempionatına ev sahibliyi etməklə yanaşı, iştirak etmək hüququ da qazanmışdı. Güclü rəqibdir. Ancaq indiyəqədərki nəticələrə, iştirak etdikləri turnirlərə diqqət yetirsək, Qazaxıstan qədər deyillər”.
Bolinya qatıldıqları turnirlərdə favorit hesab olunduqlarını sözlərinə əlavə edib:
“Biz də yaxşı oynayırıq. Təbii ki, sözlə heç nə həll olunmur. İddian böyükdürsə və ona çatmaq istəyirsənsə, yaxşı hazırlaşmalısan, bir neçə toplanış keçirməlisən, yoldaşlıq oyunlarında gücünü sınamalısan və rəsmi oyunlara qədər hansı çatışmazlıqların varsa, onları qaydasına salmalısan. Komandamızın əksər üzvü başqa klublarda, çempionatlarda çıxış edir, fərqli üslubda oynayırlar. Bir yerdə daha çox məşq etməliyik ki, baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirək, istədiyini özünə qaytaraq. Yenə deyirəm, nəticəmiz yaxşı ola bilər. Çünki komanda yoldaşlarıma güvənirəm. Vacib olan evdə keçirəcəyimiz hər üç oyunda qələbə qazanmaq, səfər matçlarında isə mümkün qədər çox xal toplamaqdır”.
Bizi Facebook-da izləyin