“İşğalçı ölkənin komandası Bakını “öz evi” bilməməlidir” – SORĞU
Rusiya qoşunlarının Ukraynaya hücumundan sonra Moskva “Spartak”ının UEFA Avropa Liqasında “Leyptsiq”lə (Almaniya) 1/8 final mərhələsinin cavab oyununu Bakıda keçirmək ehtimalı yaranıb.
Bəs əksər ölkələrin Rusiya rəhbərliyinə qarşı birlik nümayiş etdirdiyi bir vaxtda bu ölkənin futbol komandasının Avropa Liqasında ev oyununu Bakıda keçirməsinə razılıq vermək doğru addım olarmı? Ehtimal reallığa çevrilməyə başlarsa, AFFA etiraz etməlidirmi? Bu suallarla idman yazarlarına müraciət etdik:
Natiq Muxtarlı (“Kaspi”)
“Azərbaycan cəmiyyətində Rusiyanın işğalçı mahiyyətinə münasibət, demək olar ki, birmənalıdır. Belə bir durumda işğalçı ölkənin “xalq komandası”nın Bakını “öz evi” seçməsinə də münasibət birmənalı olacaq – işğalçının Bakıda nə işi? AFFA rəhbərliyi ictimai rəyi mütləq nəzərə almalıdır. Əslində “Spartak”ın Bakıya gəlməsinə razılaşmaq olardı, amma bir şərtlə: stadiona Ukrayna bayraqları ilə daxil olmağa icazə verilsin. Onda azərbaycanlı azarkeşlər “Spartak” üçün “ev” yox, cəhənnəm yaradarlar. Ancaq o da aydındır ki, UEFA buna “siyasi don” geyindirib, razılıq verməyəcək. Və əgər FİFA, UEFA işğalçıya loyal münasibət göstərməsəydi, indi belə situasiya da yaranmazdı. Rusiya işğalçıdırsa, bu ölkənin yığması və klubları FİFA, UEFA bayrağı altında keçirilən bütün turnirlərdən kənarlaşdırılmalıdır. Amma Avropanın ortasında korrupsiyaya bulaşmış bu təşkilatlar fərqli addım seçirlər. Görünür, Rusiyadan gələn gəlir daha vacibdir. FİFA və UEFA-nın pul hərisliyi isə bizim kimi ölkələri təzyiq altında qoyur. Ancaq bütün təzyiqlərə rəğmən, AFFA Azərbaycan cəmiyyətinin ictimai rəyi ilə hesablaşmalıdır. İşğalçı ölkənin komandası Bakını “öz evi” bilməməlidir”.
Kənan Məstəliyev (“Rekord.az”)
“Münasibətim mənfidir. Dünyanın ruslara “yerini” göstərdiyi bir zamanda bizim onlara nəfəslik açmağımız doğru deyil. Qoy, əlləri və ayaqları bütün tərəflərdən üzülsün ki, dövlət olaraq necə böyük səhvə yol verdiklərini anlasınlar. Amma bu istəyə ölkə rəhbərliyimiz səviyyəsində nə deyiləcək, onu proqnozlaşdıra bilmərik. Çünki təzəlikcə müttəfiqlik müqaviləsi imzalanıb və bu sənədin təsir qüvvəsi altına idmanın, futbolun düşüb-düşmədiyini bilmirik, müəyyənləşdirmək də çətindir. AFFA bu barədə özbaşına qərar verə bilməz, mütləq dövlət maraqlarımız nəzərə alınmalıdır. Ona görə də, qurum “yuxarı”dan gələcək tapşırığı gözləyəcək. Gedişat onu göstərir ki, ruslar Bakıda oynaya bilməyəcəklər, çünki etirazlar böyükdür”.
Ceyhun Əliyev (“Sport24.az”)
“Məsələ müzakirəyə çıxarıla bilməz! İşğalçı futbol oynamalı deyil. İşğalçı dövlətin təmsilçisi ancaq bir halda Bakıda meydana çıxa bilər. Hansı şəkildə? Sadə. Azarkeşlər konkret mövqe qoysa ortaya: “Putinə ölüm, Ukraynaya azadlıq” şüarı ilə!”
Elşən Məmmədov (“Sportnet.az”)
“Azərbaycan ictimai-siyasi cəhətdən sabit ölkə kimi bu oyunu təşkil edə bilər. Dövlət səviyyəsində təminat da mümkündür.. Yeganə çətinlik azarkeşlərin Rusiya komandasına münasibətiylə bağlı ola bilər ki, məncə, burada da ciddi problem yoxdur. “Spartak”ın Azərbaycanda da tərəfdarları var. Siyasi şüarlar və davranışların qarşısını almaq şərtiylə, ciddi təhlükəsizlik şəraitində bu görüşü təşkil etmək olar”.
Amal Abuşov (“Qaynarinfo”)
“AFFA-nın bu etirazı edəcəyinə inanmıram. Ümumiyyətlə, bu proses xeyli kəskin xarakter alıb və günü-gündən qəlizləşir. “Spartak”ın Bakıda oynamasına gəlincə, Moskva klubunu Bakıya buraxıb, tribunalarda onun rəqibinə azarkeşlik etmək olar. Məncə, “Spartak”ın rəqibini Bakıda qəbul etməsi elə də qorxulu hadisə deyil”.
“Spartak”la “Leytsiq” arasındakı ilk görüş martın 10-da Almaniyada olacaq. Cavab qarşılaşması isə martın 17-də keçirilməlidir.
Rəşad
Bizi Facebook-da izləyin