İranlı futbolçunun “Səbail”i seçməsinə koronavirus səbəb olub

Futbol üzrə İran yığmasının sabiq yarımmüdafiəçisi Bəxtiyar Rəhmani “Səbail”ə transferindən danışıb.

Komanda.az xəbər verir ki, ölkəsinin mətbuatına açıqlama verən 29 yaşlı futbolçu bunları söyləyib:

“Hamı mənim hekayəmi bilir. İstədiyim vəziyyətin yaranmasını gözləyirdim. Ailə problemlərinə və ölkə xaricində oynamaq istəyimə görə legioner olmağa qərar verdim. Başqa ölkələrdən də 100 faizlik təkliflərim var idi. Amma koronavirus problemi üzündən viza ala bilmədim və Azərbaycana gəldim”.

Azərbaycan futbolunda yaxşı şərait olduğunu söyləyən yarımmüdafiəçi çempionatın gərgin keçdiyini vurğulayıb: “Burada İran liqasında olmayan xarakter var. İstənilən halda, çempionat asan deyil. 1-2 komanda Avropada uğurlu çıxış edir. Bizim kimi ortabab klubların da şəraiti yaxşıdır və rəqiblərimizlə bərabər səviyyədə mübarizə aparırıq. Buraya gələndə müqavilə şərtlərini uzun müddət müzakirə etdik. Çünki mənim üçün əsas olan ailəmdir”.

Təcrübəli oyunçu pandemiya başa çatdıqdan sonra başqa kluba keçə biləcəyini istisna etməyib: “Fasiləyə hələ 4 tur qalıb. Şərtlər yaxşı olsa, burada qala bilərəm. Amma hər şey vəd edilən kimi olmasa və koronavirus başa çatsa, başqa ölkəyə də gedə bilərəm. Koronavirus imkan versə, özüm və ailəm üçün daha yaxşı yol seçəcəyəm. Ümid edirəm ki, hər şey yaxşı olacaq. Bura gələndən əzmlə çalışıram. Müqaviləmin sonuncu gününədək də belə olacaq. Qalan şeylər Allahın əlindədir”.

Qeyd edək ki, Bəxtiyar Rəhmani “Səbail”lə 2020/21 mövsümünün sonunadək müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button