İran FİFA-nın tələbini rədd etdi: “Bu qadağanın onlara dəxli yoxdu”
İran hakimiyyəti FİFA-nın bu ölkədə qadınların stadiona getməsinə icazə verilməsi tələbini rədd edib.
Komanda.az xəbər verir ki, bu barədə İranın baş prokuroru Məhəmməd Montazeri açıqlama verib:
“İranda qadınların stadiona girişinə qadağanın FIFA-ya dəxli yoxdu. Qadınlar stadionda futbol azarkeşləri arasındadı, yoxsa yox, bunun digər dövlətlərə, beynəlxalq təşkilatlara qətiyyən aidiyyatı yoxdu. Onlar İranı beynəlxalq yarışlardan uzaqlaşdırmaqla təhdid edirlər. FIFA axı nə vaxtdan İrandakı qadınların qeydinə qalır? Qadınların stadiona girib-girməməsi onları niyə bu qədər maraqlandırır? Bu israrlar İranın düşməni olan ölkələrin bizə təsir göstərmək cəhdindən başqa bir şey deyil”.
Maraqlıdı ki, bir müddət əvvəl İran Futbol Federasiyası DÇ-2020-nin seçmə mərhələ oyunlarında qadınların milli komandanın oyunları zamanı stadiona buraxılacağını açıqlamışdı. Hətta İran prezidenti Həsən Ruhaninin hüquqi məsələlər üzrə köməkçisi Laya Cüneydi də hökumətin qadınların stadiona buraxılmasını dəstəklədiyini bildirmişdi.
Qeyd edək ki, FİFA prezidenti Canni İnfantino İrana iyulun 15-nə qədər vaxt verdiklərini bəyan etmişdi. İran qadınların stadionlara buraxılmasına 40 ilə yaxındı qoyulmuş qadağanı qaldırmasa, ciddi sanksiyalarla üzləşə bilər. Hətta bu ölkənin yığma komandasının DÇ-2020-nin seçmə mərhələ oyunlarına buraxılmaması ehtimalı da var.
İranda 1979-cu il islam inqilabından iki il sonra qadınların stadionlara girişinə qadağa qoyulmağa başlayıb.
Bizi Facebook-da izləyin