“İntriqanı son tura saxlamaq istəyirdik” – Samir Abasov
“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Çox önəmli oyun idi. Qələbə qazanmaqla intriqanı son tura saxlamaq istəyirdik. Buna da nail olduq. Qalib gəldiyimiz üçün sevinirik. Oyunun sonunda komandamızda panika var idi. Bu da normal idi. Çünki rəqib qol vurmaq istəyirdi. Məni narahat edən məqam odur ki, yaxaladığımız qol şanslarını dəyərləndirə bilmirik. Halbuki bu gün 2-ci, 3-cü qolu vurmaqla oyunun taleyini daha tez həll etmək olardı. Artıq son oyuna hazırlaşacağıq.
“Qarabağ”ın oyunun nəticəsindən xəbərim yox idi. Yalnız qarşılaşma başa çatandan sonra bildim ki, qələbə qazanıblar. Keysuke Hondanın bu gün ehtiyatda qalmasının planla heç bir əlaqəsi yox idi. Sadəcə, ardıcıl süni örtüklü meydanda 2 oyun keçirmişdik və Honda ağrılardan şikayətlənirdi. Ona görə də bu gün onu qoruduq.
Bu gün planımız topu rəqibə vermək və necə oynayacağını görmək idi. Bilirdik ki, “Sumqayıt da udmalı idi. 3 müdafiəçinin üstünə getməyək. Ən yaxşısını etdik və qalib gəldik. Həyəcan siqnalı yoxdur. Buna vaxt da yoxdur. Xoş haldır ki, qol epizodları yarada bilirdik. Əvvəl bu baxımdan problem var idi. İndi vəziyyət dəyişib. Heç həyəcanlanmırıq. “Qarabağ”la oyunda bu qədər qol imkanımız olmayacaq. Mən həmişə rahat yatıram. Sadəcə, “Qarabağ”la qarşılaşma həyatımızın son oyunu qədər vacibdir”.
“Qarabağ”la oyunda əcnəbi baş hakimin dəvət edilməsinə ehtiyac varmı? Məncə, bu, mənə aid sual deyil. Son turda belə qərar vermək düz olmaz. Hakimlərimizə inanmalıyıq. Onlar avrokuboklarda, Avropa Liqasının qrup mərhələsində oyun idarə edir, bu cür qarşılaşmalarla bişirlər. Öz hakimlərimizə etibar edərdim”.
Bizi Facebook-da izləyin