“İnter”də Konte dönəmi başa çatdı

“İnter”i bu mövsüm İtaliya çempionu edən Antonio Konte A Seriyası təmsilçisindən ayrılıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xəbərdə klub rəhbərliyi ilə baş məşqçi arasındakı razılığa əsasən, müqaviləyə xitam verildiyi diqqətə çatdırılıb. 51 yaşlı mütəxəssisin klubla 2022-ci ilin yayına qədər müqaviləsi olduğu üçün, “İnter” ona təzminat ödəyəcək. İtaliyalı məşqçi qalan bir il üçün 13 milyon avro alacaqdısa, 7 milyon avroluq təzminatla vaxtından əvvəl klubdan getməyə razılaşıb.

Qeyd edək ki, Antonio Konte bu mövsüm 11 illik fasilədən sonra “İnter”ə çempionluq sevinci yaşadıb. Lakin klub rəhbərliyi maliyyə problemlərinə görə büdcəni azaltmaq məcburiyyətində qalıb. Bu üzdən də Konte Milan təmsilçisində qalmaq istəməyib.

Konte 2019-cu ildən “İnter”i çalışdırırdı. Milan təmsilçisi bu məşqçinin rəhbərliyi altında oynadığı 102 oyundan 64-ündə qələbə qazanıb, 23 heç-heçəyə razılaşıb, 15 məğlubiyyətlə üzləşib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button