“İnter” müdafiəçisi ilə müqavilə yenilədi, qapıçısı ilə vidalaşdı
İtaliya çempionu “İnter” müdafiəçisi Alessandro Bastoni ilə müqavilənin müddətini artırıb.
Komanda.az xəbər verir ki, 22 yaşlı müdafiəçi ilə 2024-cü ilədək yeni sözləşmə imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bastoni geridə qalan mövsümdə Milan təmsilçisinin heyətində 41 oyuna çıxıb, 3 məhsuldar ötürmə müəllifi olub. 2017-ci ildən “İnter”də çıxış edən futbolçu, “Atalanta” və “Parma”da da oynayıb. Ötən ildən İtaliya yığmasına da dəvət almağa başlayan futbolçu, “İnter”də bütövlükdə 74 matça çıxıb, 3 qol vurub.
Yeri gəlmişkən, “İnter”in qapıçısı Daniele Padelli Milan təmsilçisindən ayrılıb. O, A Seriyasının digər təmsilçisi “Udineze”yə keçib. Bu barədə onun yeni klubunun rəsmi saytı məlumat yayıb. 35 yaşlı qolkiperlə 2 illik müqavilə imzalanıb. Son dörd mövsümdə “İnter”də Samir Handanoviçin əvəzedicisi olan Padelli, bu komandada demək olar ki, şans qazanmırdı. Təcrübəli qolkiper bu komandanın heyətində cəmi 9 rəsmi matça çıxıb. Halbuki o, “İnter”dən əvvəl forma geyindiyi “Torino”da əsas qapıçı idi.
Bizi Facebook-da izləyin