“İnter” iki qapıçısı ilə vidalaşdı
Sloveniya millisinin sabiq qapıçısı Samir Handanoviç İtaliya “İnter”ini tərk edib.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
38 yaşlı qolkiperlə başa çatan müqavilənin müddəti uzadılmayıb.
Təcrübəli oyunçu 2012-ci ildən “İnter”də çıxış edirdi. O, Milan təmsilçisinin heyətində 455 oyuna çıxıb, 471 qol buraxıb və 166 dəfə qapısını toxunulmaz saxlayıb. Handanoviç “İnter”lə bir dəfə İtaliya çempionu olub, iki dəfə ölkə kubokunu və Superkubokunu qazanıb.
“İnter” digər təcrübəli qapıçısı Aleks Kordatsla da yollarını ayırıb. 40 yaşlı qolkiperlə də yeni müqaviləyə ehtiyac duyulmayıb. O, bu klubun yetirməsi olsa da, burada cəmi 2 matça çıxıb. Kordats “Spetsiya”, “Açireale”, “Treviso”, “Pitsigettone”, “Luqano”, “Çittadella”, “Parma”, “Qoritsa”, “Krotone” kim klublarda forma geyinib. Milan klubu onu 2021-ci ildə yenidən sıralarına qaytarmışdı.
Bizi Facebook-da izləyin