
“Qarabağ” üçün çox çətin olacaq” – SORĞU
”Qarabağ” sabah UEFA Çempionlar Liqasının 3-cü turu çərçivəsində İspaniyada “Atketik”lə qarşılaşacaq. Ağdam təmsilçisinin əvvəlki turlarda “Benfika” (3:2) və “Kopenhagen”lə (2:0) oyunlardan 6 xalı var.
Komanda.az ardıcıl iki qələbədən sonra “Atletik” – “Qarabağ” oyunu ilə bağlı nə düşünürsüz? Sizcə, “Qarabağ” İspaniyadan xalla dönə biləcəkmi” sualları ilə idman mediasında çalışan bəzi həmkarlarımıza müraciət edib:
Kənan Həsənov (“report.az”):
“İlk iki oyunda qeydə alınan nəticə onu göstərdi ki, “Qarabağ” istənilən rəqiblə oyunda xala və ya xallara umid edə bilər. Xüsusilə də, burada “Benfika” ilə oyunu qeyd etmək yerinə düşər. Çünki böyük əksəriyyət Ağdam təmsilçisinin həmin səfərdən əliboş dönəcəyini düşünürdü. Buna baxmayaraq, “Qarabağ” səfərdə inamlı oyun sərgilədi və Bakıya üç xalla döndü. Buna görə də, “Qarabağ”ın istənilən rəqiblə oyunda xala və ya xallara ümid edəcəyi şübhə doğurmur, bunu adi hal kimi qarşılamaq lazımdır. Komandanın oturuşmuş sistemi və bu sistemdə önəmli rol oynayan vacib fiqurları var.
Təbii ki, “Atletiko” ilə səfər matçı çox çətin olacaq. Hər halda, biz dünyanın Top-5 çempionatlarından biri olan La Liqadan danışırıq. “Qarabağ” səviyyəcə yalnız İngiltərə Premyer Liqasından geri qalan çempionatın təmsilçisinə qarşı səfərdə oynayacaq. Burada söhbət ilk növbədə yüksək tempdən gedir, çünki bildiyimiz kimi, La Liqada oyunların templəri həddən artıq yüksək olur. “Atletik” də qələbə qazanmaq üçün hər şeyi edəcək və meydan amili də onların tərəfində olacaq. Bunu da nəzərə alaq ki, “Atletik” cari mövsümdə La Liqada ən az qol buraxan komandalardan biridir, 9 oyunda 9 top buraxıblar. Düzdür ki, komanda hücum planında o qədər də yaxşı təsir bağışlamır. Bununla belə, 4 qələbə, 2 heç-heçə və 3 məğlubiyyətlə səkkizinci pillədə qərarlaşması komandanın potensialından xəbər verir. Qeyd etdiyim kimi, La Liqa həddindən artıq çox güclü və çətin çempionatdır, buna görə də, “Qarabağ” üçün çox çətin olacaq. Lakin ümid edək ki, digər iki oyunda qazanılan qələbə “Qarabağ”ı növbəti qəhrəmanlığa sövq edəcək. Bu səfərdən də komandamızın münasib nəticəylə qayıtmasına inanaq. “Münasib nəticə” dedikdə bir xalı nəzərdə tuturam. Çünki komandamız səfərdən bir xalla belə qayıtsa, bu çox əla nəticə sayılacaq.
“Qarabağ”dan istənilən nəticəni gözləmək olar, qələbə qazandığı halda belə, təəccüblənməyə dəyməz. İnşallah ki, ardıcıl iki qələbənin davamı İspaniyadan gələr”.
Saleh Arslan (“korner.az”):
”Qarabağ” son illərdə avrokuboklarda özündən dəfələrlə güclü hesab olunan rəqiblərə qarşı yaxşı nəticələr göstərib. Komanda səfər oyunlarında daha nizamlı müdafiə olunmağı bacarır. “Atletik”in ilk dəqiqələrdəki təzyiqinə tab gətirə bilsələr və əks-hücumda sürətdən istifadə etsələr, heç-heçə və ya hətta qələbə şansları var. Üstəlik, “Atletik” Çempionlar Liqasına iki məğlubiyyətlə başlayıb və evdə mütləq qələbə qazanmaq təzyiqi altında olacaq. Bu təzyiq isə “Qarabağ”ın xeyrinə işləyə bilər. Ümumilikdə, oyunda favorit “Atletik” olsa da, “Qarabağ”ın Avropada qazandığı son nəticələr və yüksək əzmkarlıq onların Bilbao səfərindən ən azı bir xalla dönəcəyinə ümid verir”.
Rasim Sultanzadə (“apasport.az”):
“Qarabağ”ın daha əvvəlki oyunlarıyla bağlı fikirlərimdə başda Qurban Qurbanov və futbolçularımız, ümumilikdə, komanda bizi yanıltmadığı üçün çox xoşbəxtəm. Əsas mərhələ başlamazdan öncə hansımıza desəydilər ki, iki oyundan 6 xalla başlayacaqsız, yəqin ki, buna ehtimal verməzdik və sadəcə xoş bir inam olaraq qalardı. Lakin son iki oyunda qazanılan 6 xal həm bizim, həm azarkeşlərin, həm də komandanın özü üçün də əlavə bir motivasiya oldu. Bu sualın cavabı beş ay əvvəl daha fərqli olardı. İndi isə şərtlər və “Qarabağ” əvvəlki kimi deyil, artıq düşüncələrimiz də çox dəyişib. Buna görə, hər kəs çox inamlı şəkildə komandamızın xal və ya xallarla geri qayıdacağını deyə bilər. Bunun da səbəbi “Qarabağ”dır, Qurban Qurbanovdur.
Bir xalla qayıtsaq, gözləntim çox yaxşı olar. Çünki bu, üç oyuna 7 xal deməkdir və möhtəşəm göstəricidir. Lakin minimal hesablı məğlubiyyəti könül istəməsə də, düşünə bilərik. Təbii ki, bunu düşünmək istəmirik və mən “Qarabağ”ın ən azı bir xalla qayıdacağına inanıram. Bu, artıq nikbin düşüncə deyil, “Qarabağ”ın bizim beynimizə həkk etdiyi reallıqdır.
Rəqibin heyətində ciddi itkilər var, “Atletik” də yaxşı günlər keçirmir. “Borussiya” ilə son oyundan da xalsız qayıtdılar. Niko Uilyamsın vəziyyəti bildiyim qədəriylə, yaxşı deyil, çox güman ki, oynamayacaq. Mən komandamızın azı bir xalla qayıdacağına umid edirəm və inanıram”.
Amal Abuşov (“qaynarinfo.az”):
”Əlbəttə ki, dönə bilər. Hazırkı forma baxımından müqayisə etsək, təmsilçimiz “Atletik”dən sözün bütün mənalarında yaxşı vəziyyətdədir. “Qarabağ” Azərbaycan Premyer Liqasında liderdir və son turda əsas rəqibini (“Turan Tovuz”) “taxt”dan salmağı bacarıb. Qurban Qurbanov start heyəti bütünlüklə legionerlərdən qurmaqla, bir növ İspaniyadakı oyunun əsas məşqini də etmiş oldu. İlk iki turun nəticələri də “Qarabağ” ın avrokuboklarda yetərincə qətiyyətli və təcrübəyə sahib bir komandaya çevrildiyini göstərir. “Atletik” isə çətin dönəmlərdən keçir. Düşünürəm ki, bundan mütləq yararlanmalı və uğurun davamını gətirməliyik”.
Nəzrin Kazımlı
Bizi Facebook-da izləyin


