İTV rəsmisi Premyer Liqanın yayımı ilə bağlı suallara aydınlıq gətirdi – açıqlama
İngiltərə Premyer Liqasında bu mövsümün oyunları Azərbaycanda “İctimai” TV (İTV) telekanalında yayımlanır.
Premyer Liqada 9-cu turun ilk oyun günündə keçirilən “Arsenal” – “Aston Villa” matçı (3:1) isə efirə verilməyib. Bunun səbəbini öyrənmək üçün İTV-nin idman departamentinin rəhbəri Kənan Hakimovla danışdıq. Telekanal rəsmisi Komanda.az-a açıqlamasında, “Arsenal”ın ev oyununun verilməməsinin səbəbi və çempionatın yayım prinsipləri haqda bunları söylədi:
“Arsenal”ın ötən turdakı oyunu bu həftənin bazar ertəsi verildi. Bu gün isə ilk dəfə İTV-nin efirində “Çelsi”nin oyununu verəcəyik. Bacardığımız qədər ədalət prinsipini qorumağa çalışırıq ki, ölkəmizdə kifayət qədər azarkeş kütləsi, klubların fanatları narazı qalmasınlar. Müqaviləyə görə, hər tur ərzində maksimum iki oyun verə bilərik. Çalışırıq maksimum dərəcədə maraq doğuran mərkəzi oyunlar olsun. Bu gün turnir cədvəlinin lideri “Çelsi”nin oyunu, bazar ertəsi günü isə “Mançester Yunayted” – “Liverpul” matçı futbol azarkeşlərinə təqdim olunacaq”.
Hakimov, Premyer Liqa matçlarının İTV-də yayımlanmasının telekanalın reytinqinə müsbət təsir göstərdiyini də qeyd edib:
“Təbii ki, Premyer Liqanın yayımı telekanala müsbət təsir edir. Sosial şəbəkələrdə hələ də təşəkkür postları görmək olduqca xoşdur. Ümumiyyətlə, daha öncə də qeyd etmişdim ki, Premyer Liqanın cari mövsümünün yayımının alınmasında bizə ünvanlanan minlərlə məktub, çoxsaylı istəklər, sosial şəbəkələrdə bununla bağlı bizə ünvanlanan açıq məktublar önəmli rol oynadı. İdman kanalı olmasaq da və ümumiyyətlə, Premyer Liqanın cari mövsümdə bizim telekanalda yayımlanması ilə bağlı planlar olmasa da, məhz sadaladığım amillər bu istiqamətdə çalışmağımız üçün həlledici rol oynadı. Çünki bilirik, məhz cari mövsüm ölkəmizdə kabel televiziyası vasitəsilə qonşu ölkənin telekanallarından Premyer Liqanın oyunlarının yayımlanması ilə bağlı futbol azarkeşləri problemlərlə üzləşirlər. Təbii ki, pullu platformalar da var. Amma gəlin nəzərə alaq ki, peyk və internet üzərindən pullu yayım heç də hər kəsin büdcəsinə uyğun deyil. Bu baxımdan, azərbaycanlı futbol azarkeşlərinin dünyanın ən baxımlı liqasını izləmək hüququndan məhrum olunmasına razı ola bilməzdik”.
Şahin Cəfərov
Bizi Facebook-da izləyin