UEFA İngiltərə klublarına Super Liqadan çıxmaq üçün pul təklif edib?
İngiltərənin 6 klubunun Avropa Super Liqasından çıxdığını xəbər vermişdik.
Komanda.az xəbər verir ki, UEFA, ingilis klublarına layihədən çıxdıqları üçün yaxşı pul təklif edib. Bu barədə “El Mundo Deportivo” nəşri məlumat yayıb. Xəbərdə, UEFA-nın İngiltərə klublarına layihədən çıxmalarına görə onlara müəyyən məbləğdə pul verəcəyi bildirilib. Bu təklifin ingilis klublarının qərarında xüsusi rol oynadığı qeyd olunub.
Bu pul yalnız İngiltərə klublarına veriləcək. İspaniya və İtaliya klublarına belə bir təklifin gəlmədiyi bildirilir.
Aprelin 19-da Avropanın 12 klubu Avropa Super Liqasının yaradıldığını bəyan etmişdi. Yeni turnirin ilkin mərhələsində İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko”, “Real”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları iştirak edəcəkdi.
UEFA və FİFA-nın təzyiqlərindən, eyni zamanda, futbol ictimaiyyətinin narazılığından sonra İngiltərənin 6 klubu turnirdən geri çəkilib. İtaliya mətbuatının xəbərinə görə, yaxın zamanda “Milan” və “İnter” də Avropa Super Liqasından çıxdıqlarını açıqlayacaq.
Bizi Facebook-da izləyin