İngiliscəni sevən cənubi azərbaycanlı… və ya bizim rus dili tərəddüdümüz
Vüqar Məmmədov
Bu yazı müharibə başlamamışdan az öncə, rus dili ilə bağlı müzakirələr gedən zaman yazılmışdı. Həmin vaxt bir çox adam rus məktəblərinin bağlanmasını istəyirdi, bəziləri isə bunun, yəni rus məktəblərinin bağlanmasının bizim xeyrimizə olmayacağını deyirdi. Düşünürəm ki, bəlkə də, artıq bu, müzakirə mövzusu deyil. Çünki döyüşlər zamanı paralel şəkildə gedən informasiya cəbhəsində rusdillilərin faydalı fəaliyyətini müşahidə etdik. Təkcə bu fakt bəlkə də kifayət edər ki, rus dilinin əhəmiyyətini başa düşək.
Həmin vaxt, rus dili ilə bağlı söhbətlərin aktual olduğu zaman, bu dilin bulunduğumuz camiəyə, yəni idman sahəsinə nə kimi təsirlərinin olması barədə yazmaq qərarına gəldim. Sonra müharibə başladı, bütün diqqətlər bura yönəldi və mən yazını saxladım. Bu müharibənin nəticəsi bir çox adama, o cümlədən mənə birbaşa təsirsiz ötüşmədi. Belə hadisələrdən sonra toparlanmaq çətin olur. Amma necə deyərlər, Allah verən ömrü birtəhər yaşamaq lazımdır və nə iləsə başını qatmalısan. Əks halda, daha çətin olur. Bu səbəbdən də, həmin vaxt yazdığım yazıya yenidən əl gəzdirib sizin ixtiyarınıza verirəm.
İran azərbaycanlısı
Ötən əsrin 90-cı illərinin ortaları idi, rayondan Bakıya gəlirdim. O dövrü görmüş adamlar xatırlayar və fikrimi təsdiqləyər ki, çox böhranlı dövr idi. Birinci Qarabağ müharibəsində atəşkəs yaransa da, bunun nəticələri xeyrimizə olmamışdı. Üstəlik, ölkəyə milyardlarla ziyan dəymişdi və bu, özünü hər sahədə büruzə verirdi. Hətta şəhərdaxili, yaxud şəhərlərarası normal nəqliyyat da tapmaq olmurdu. Bəli, həmin dövrdə, belə günlərin birində rayondan Bakıya gəlmək üçün şossenin kənarında dayanıb maşınlara əl edirdim. Nəhayət, bir avtobus saxladı. Bu, İran maşını idi. Yəqin ki, Rusiya reysindən qayıdırdı. Demək olar ki, boş idi. İçəridə biri İran azərbaycanlısı olan sürücü, digəri isə çox güman milliyətcə fars (çünki yolboyu bir kəlmə də danışmadı), yəqin ki, növbətçi sürücü olan iki nəfər var idi.
Həmin vaxt milli duyğuların üst səviyyəyə qalxdığı dövrlər idi. Bir İran azərbaycanlısının necə düşündüyü mənim üçün maraqlı olduğundan, onunla söhbətləşmək istədim və salam-kəlamdan sonra sürücü ilə bir xeyli müxtəlif mövzulardan danışdıq.
Yolboyu avtobusa minib düşənlər olurdu. Onlar gedişhaqqı olaraq həmin dövrdə “Məmməd Əmin” adlandırdığımız on minlik əskinas verirdilər. Çap keyfiyyətindənmi, ya nədənsə, pullar çox köhnəlib çirklənmiş, “qulağ”ı cırılmış vəziyyətdə idi. Sürücü düşənlərin verdiyi köhnəlmiş “Məmməd Əmin”lərə narazılıqla baxırdı və “bu nə puldur” tərzində başını bulayıb, mızıldanırdı. Onun bu hərəkəti mənə xoş gəlmirdi. Belə anların birində onun puldan narazılığının səbəbini başa düşmədiyimi bildirdim. O isə “sizin pul puldur ki?” deyib, şax İran pullarını dəstə ilə cibindən çıxarıb, göstərərək əlavə etdi: “Bax, pul belə olar”. Mən də dedim ki, biz müstəqillik qazanmışıq, köhnə də olsa, bu bizim öz pulumuzdur. Amma təriflədiyin pul sizin, yəni Cənubi Azərbaycanın pulu deyil, İranın puludur. Sözüm sürücünü tutdu, əsəbiləşdi. İranı ən ədalətli dövlət kimi təqdim etmək istədi. Dedi ki, orda bizə fərq qoyulmur, amma siz sovet dövründə rusun əsarətində olmusuz, sizi incidiblər, filan-filan… Mən etiraz etdim və bildirdim ki, biz əsarətdə-filanda olmamışıq. Sovet dövründə bizim öz ana dilimizdə məktəblərimiz olub. Öz dilimizdə qəzetimiz, jurnalımız, radiomuz, televiziyamız olub. Bu cür vəziyyət necə əsarət sayıla bilər? Hətta bunlar bizə kifayət etməyib, öz müstəqilliyimizi elan etmişik. Əsl əsarətdə olan isə sizsiz, bu günəcən ana dilinizdə bir dənə məktəbiniz belə, yoxdur. Daha sonra “Bəyin oğurlanması”ndakı personasayağı soruşdum ki, sən istəməzsən ki, uşağın ana dili olan, Azərbaycan dilində təhsil alsın? Qayıdıb mənə nə desə yaxşıdır: “Neynirəm onun azərbaycan dilində təhsil almasını, Azərbaycan dilini onsuz da bilir, mən istəyərəm ki, oğlum ingiliscə təhsil alsın”. Təbii ki, o zaman mən onu dəstəkləmədim. Bundan sonra nə onun, nə də mənim danışmağa həvəsimiz qaldı. Həmin dövrdə bu cür düşünənləri Çingiz Aytmatovun “Əsrə bərabər gün” əsərinin surəti kimi adlandırırdılar – manqurt.
Amma gəlin, bu məsələyə bir qədər ətraflı baxaq. Hansısa fikrə birmənalı şəkildə pis, yaxud birmənalı şəkildə əla demək zənnimcə düzgün yanaşma deyil. Bu baxımdan, oğlunu ingiliscə oxutdurmaq istəyən azərbaycanlının fikirlərinə eyni şəkildə baxmaq lazımdır. Axı niyə o, bu fikrə gəlib?
Məlumatı hardan alaq?
Zaman-zaman rusdilli məktəblərin Azərbaycanda fəaliyyətinin düzgün olub-olmaması müzakirə edilir. Bu məktəblərin olması rus dilinin öyrədilməsi deməkdir. Bəs rus dilini öyrənməyimizin bizə faydası var, yoxsa zərəri? Əslində bu mövzunun yazdığımız sahəyə, idmana aidiyyatı azdır. Çünki idmanda əsasən danışıq yox, iş, hərəkət birinci gəldiyindən, burda dilin rolu çox deyil. Amma iş, hərəkət sonrakı mərhələdir. İşi, hərəkəti düzgün, uğurla nəticələndirə bilmək üçün düzgün hazırlığın olmalıdır. Düzgün hazırlığı əldə etmək üçün isə bu sahəni bilən mütəxəssisə ehtiyacın olur. Həmin mütəxəssisin isə məlumat bazası, biliyi olmalıdır. Bəs o bu biliyi hardan almalıdır? Başqa dillərdən. Niyə? Çünki öz dilimizdə məlumat mənbəyi demək olar ki, yoxdur.
Gəlin, özümüzü çaşdırmamaq üçün çox irəli qaçmayaq və tam aydın olması üçün bu məsələyə lap başdan, detallı şəkildə, hissə-hissə baxaq.
Tələb və təklif
Əvvəlcə bu məsələyə iqtisadiyyatın anlayışlarından olan rəqabət, eyni zamanda, tələb və təklif prizmasından da baxaq.
Əvvəllər bizim telekanallarda xarici futbol matçları olarkən, bunu paralel olaraq Rusiya və Türkiyə kanalları verirdisə, tez bu kanallarda yayım dayandırılırdı ki, oyunlara öz şərhçilərimizin ifasında baxmağa məcbur olaq. Bu düzgün idimi? Məncə, yox. Bu, inhisarçılıqdır. Zəhmət çək, şərhi elə bir səviyyəyə yüksəlt ki, biz də könüllü şəkildə xarici kanalda yox, öz kanalımızda, öz dilimizdə olan şərhimizə baxaq. Deməli, xarici telekanalın təklif etdiyi şərhin səviyyəsi güclüdür ki, buna daha çox tələb var. Yerli məhsul (öz dilimizdə olan şərh) isə zay olduğundan, onun təklifinə tələb yoxdur. Bu səbəbdən, öz zay məhsulunu bizə “yedirtmək” üçün inhisarçılıq edərək, xarici telekanalların şərhini kəsirdilər. Belə vəziyyət rəqabətsizliyə gətirir və çıxış yolu deyil, əksinə, durğunluq yaradır.
Görünür, elə bu səbəbdən bizim şərhçilik sahəsi ilə məşğul olanlar başa düşdülər ki, xarici kanallardakı yayımları kəsməklə uğur əldə etmək olmayacaq. Ona görə də, buna getmədilər, yəni xarici telekanalların yayımını kəsmədilər ki, bu da “rəqabət aparacağıq” demək idi. Beləliklə, şərhçilərimiz öz üzərlərində işləyib, səviyyələrini artırdılar. Bu gün artıq oyunlar öz şərhimizdə də izlənilir, baxmayaraq ki, paralel xarici kanalda matç göstərilir. Şərhçilərimizin gənc olmaqlarını nəzərə alaraq, onların hələ öz üzərlərində işləyib daha da artıracaqlarını, hətta Türkiyə insanını da bizə baxmağa sövq edəcəyini gözləmək olar. Qeyd edə bilərəm ki, təkcə bizimkilər türkiyəlilərdən öyrənmir, türkiyəli şərhçilər də bizdən öyrənir. Bunu onların oyunları şərh etmələrinə baxanda və əvvəlki dövrlərdəki şərhləri ilə müqayisə edəndə sezmək olur.
Dil məsələsi də belədir. Sən dilinin səviyyəsini o həddə çatdırmalısan ki, hamı bunu sevsin, başqa dildə yox, Azərbaycan dilindəki məktəbi seçsin və başqa dildə olan məktəblər zorla yox, onlara ehtiyac olmadığından bağlansın. Bax, rəqabətli mübarizə budur və bu rəqabət səni inkişafa aparar. Rus məktəblərinin zorla bağlanması Azərbaycan dilli məktəblərin inhisarçılığına səbəb olar və düşünürəm ki, bu, durğunluq yaradar.
Tənqid etmək asandır, amma tənqid edən özünə sual verməlidir ki, bunun üçün mən hansı işi görmüşəm. Azərbaycan dilinin tərəfdarları düşünür ki, rus məktəbləri bağlansa, bununla dilimiz xilas olacaq. Mən bunun əksini düşünürəm.
Məsələyə birtərəfli yanaşmaq olmaz. Şəxsən mənim danışdığım, yazdığım dil Azərbaycan dilidir. İndi mən durum çığırım ki, hamı Azərbaycan dilindən istıfadə etməlidir? Əlbəttə, buna nail olmaq mümkündür, amma nəticəsi qeyd etdiyim kimi, çox fəna olar. Düşünürəm ki, dilimizi elə bir yüksək səviyyəyə gətirmək lazımdır ki, hamı bu dildə danışmaq istəsin. Bunu üçünsə vaxt, eyni zamanda başqa dillərlə ünsiyyət lazımdır.
Səbəb və nəticə
İndi də gəlin bu məsələyə başqa yöndən, səbəb və nəticə əlaqəsindən baxaq. Valideyn bu gün uşağını rus məktəbinə qoyursa, bu, nəticədir. Düşünürəm ki, biz nəticəni yox, səbəbləri araşdırmalıyıq. Bəs səbəblər hansıdır?
Deməli, başqa sahələrlə işimiz yoxdur, öz sahəmizdən yazaq. Məsələn, mən futbola, yaxud idmanın başqa bir növünə aid yazı yazıram. Mənə hansısa məlumatları dəqiqləşdirmək lazımdır. Amma bunları internetdə, Azərbaycan dilindəki mənbələrdən əldə edə bilmirəm. Niyə? Çünki ya yoxdur, ya çox bəsitdir, ya da ümumiyyətlə, dəxlisiz məsələlərdən yazılır. Hətta başqa xalqlara aid məlumatlar bir kənara dursun, özümüzə aid məlumatlar da çox bəsit və bərbad gündədir. Məsələn, “vikipediya” ensiklopediyasının rusca olan bölməsində Azərbaycan dili barədə məlumat azərbaycanca bölmədəkindən daha geniş və daha dolğundur. Təsəvvür edirsizmi?
Başqa misal göstərək: Bir futbol klubumuzdan yazı yazırdım. Bəzi detalları dəqiqləşdirmək üçün “vikipediya”nın Azərbaycan dili bölməsində həmin kluba aid məlumatlara baxdım və bir şey tapa bilmədim. Dilxor vəziyyətdə, ümidsizcəsinə həmin klub barədə olan ensiklopediyanın rus dili bölməsinə keçdim və xeyli təəccübləndirici, eyni zamanda lazımi məlumatları əldə etdiyimə görə məni sevindirən faktla rastlaşdım. Bəli, klubumuza aid məlumatlar rus dilində var idi.
Yaxşı, mən hansısa məlumatı öz dilimizdə tapa bilmirəmsə, nə etməliyəm? Məcbur olub başqa dildəki (mənim vəziyyətimdə rus dilində) məlumatları araşdırıram və tapıram. Mən başqa dil bilmirəmsə, onda necə olacaq? Ən azı yazıdakı məlumatlar dəqiq olmayacaq, bu da öz növbəsində yazının keyfiyyətini, ciddiliyini aşağı salacaq. Bu halda oxucu da keyfiyyətsiz məlumat əldə edəcək. Beləcə, düşüncəmiz zəncirvari keyfiyyətsizləşəcək və üzü aşağıya doğru gedəcək. Bu da sonucda xalqın bəsitləşməsinə gətirib çıxarır.
Bundan başqa… Bir dili yaşatmaq, qorumaq üçün həmin dildə çoxlu ədəbiyyat olmalıdır. Tibbə, fizikaya, kimyaya və başqa elmlərə aid ədəbiyyatı qoyaq bir kənara, qoy bu sahələri həmin peşənin adamları araşdırsınlar. Yenə də öz sahəmizə, idmana baxaq. Mən futbol məşqçisiyəm, mənə müasir futbolun yenilikləri lazımdır. Hardan tapım? Azərbaycan dilində bunlar varmı? Biliksiz məşqçi futbolçu yetişdirə bilərmi? Futbolun yeniliklərindən xəbəri olmayan məşqçi hansı uğuru qazanar, yaxud futbolda hansı yenilik edə bilər? Ortaya yeni nəsə çıxarmaq üçün sənin hansısa bazan olmalıdır. Aleks Ferqyusonun “Avtobioqrafiya”, Yohan Kroyfun “Mənim həyatım” adlı məşqçinin oxuması vacib olan kitabları var. Azərbaycan dilində varmı? Yuxarıda adlarını çəkdiklərimdən başqa, bir çox digər məşqçi və futbolçuların bioqrafik əsərləri var ki, bunlar futbol sahəmizdə çalışanlara çox şey verə bilər. Tərcümə olunubmu? Eləcə də şahmat, basketbol, voleybol və başqa idman növlərinə aid kitablar dilimizdə varmı? İnanmıram. Varsa da, əksəri sonuncu dəfə sovet dövründə rus dilindən tərcümə olunub və ya sovet dövründəki müəlliflərimiz tərəfindən yazılıb.
Mən yuxarıda futbola aid bir neçə kitabın adını çəkdim. Belə kitablardan fizikaya, kimyaya, tibbə, astranomiyaya və elmin başqa sahələrinə aid olanları var, hansı ki, Azərbaycan dilinə tərcümə olunmayıb. Bu kitabları oxumamış hansısa elmi nailiyyət əldə etmək olarmı? Çətin məsələdir. O zaman sual yaranır: uşaq niyə başqa dil öyrənməsin? Öz dilində kifayət qədər məlumat bazası olmayan hansı xalqdan mütəfəkkir çıxar?
Başqa dilə nifrət aşılamaqdansa, çalışıb öz dilini sevdirməlisən. Dili o zaman sevə bilərsən ki, rəvan şəkildə yazılmış kitablar oxuyasan. Vaxtilə belə kitablar yazılırdı, əsərlər tərcümə edilirdi. İndi bunlar da yoxdur. Müasir yazıçılarımız demək olar ki, oxunmur. Tərcümələr də bərbad gündədir. Yalnız sözlər tərcümə edilir, əsərin ruhu isə yoxdur, ötürə bilmirlər. Çünki əksər sahələrdə olduğu kimi, tərcümə sahəsində də eniş baş verib. Amma əvvəl belə deyildi. Məsələn, Viktor Hüqonun “Səfillər” romanının sovet dövründə Azərbaycan dilinə edilmiş tərcüməsi elə yüksək səviyyədədir ki, adam inanmır ki, bu əsər hətta fransız dilində də belə gözəl olsun. Halbuki “Səfillər” romanı əvvəl ruscaya, sonra da azərbaycancaya tərcümə olunub. Amma onun bütün ruhunu duymaq olur. Bu gün belə tərcümələr edilirmi? Təəssüf ki, yox. Bir fərdin isə söz ehtiyatının, təfəkkürünün formalaşması, ümumiyyətlə, bir insan, şəxsiyyət kimi yetişməsi kitab oxumaqla, həm də bədii ədəbiyyat oxumaqla mümkündür.
Bu gün öz dilimizə tərcümələr bərbad vəziyyətdədir, yeni müasir ədəbiyyat yaranmır, sovet dövründə yazılan əsərlər günümüzlə səsləşmir. Bax, bizim dildə vəziyyət hazırda bu cürdür.
Belə vəziyyətdə yazının əvvəlində bəhs etdiyim İran azərbaycanlısının dediyi sözlərə necə haqq qazandırmamaq olar? “Vətən, millət, Sakarya” deməklə iş düzəlmir.
Bəs çıxış yolu nədir? Düşünürəm ki, birinci növbədə öz ana dilimizi məlumatlı etməliyik, sonra öz dilimizdə təhsil almağı tələb etməliyik. Kimsə başqa dildə təhsil almaq istəyirsə, buna mane olmaq lazım deyil. Qoy bu adamlar lap elə rus dilində oxusun, öyrənsin, inkişaf etsin. Onların əksəri nə qədər başqa dildə oxusa da, milli kimliyini, azərbaycanlılığını itirməyəcək. Onların özümüzlə başqalarını müqayisə etmək imkanları olacaq, fərqi görəcəklər və bunu aradan qaldırmağa çalışacaqlar. Necə ki, Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə, Yusif Vəzir Çəmənzəminli və bir çox başqa ziyalımız rus dilində təhsil alıb, amma ruslaşmayıb, millətinin ağ günə çıxmaları üçün çalışıblar. Bu gün rusdilli ziyalılarımız da məhz bu istiqamətdə çalışırlar. Azacıq müşahidə etsəz, bunu sezərsiz.
Elə görünməsin ki, mən burda dilimizi aşağılamaq fikrindəyəm. Xeyr! Bu dildə danışıramsa, ona necə mənfi münasibətim ola bilər? Sadəcə, faktı etiraf edirəm. Bəli, bu gün vəziyyət belədir. Dilimizi inkişaf etdirmək, daha da zənginləşdirmək bizə düşür. Heç nə etməyib başqa dillərə hücum çəkməklə bir şey əldə olunmayacaq.
Bizi Facebook-da izləyin