“İnanıram ki, zəhmətimin qarşılığını Olimpiya xalçasında görəcəyəm”

Komanda.az sizi sərbəst güləş üzrə U-20 Avropa çempionu Vasif Bağırovun (57 kq) müsahibəsi ilə tanış edir.

– U20 Dünya çempionatına hazırlıq necə gedir? Özünü yarışa neçə faiz hazır hiss edirsən?

– Hazırlığımız plan üzrə gedir. Həm texniki, həm də fiziki cəhətdən intensiv məşqlər keçirik. Hər gün hədəfimə bir addım daha yaxınlaşıram.

– Üç il əvvəl U17 Avropa və dünya çempionu olmuşdun. Bu il eyni nəticəni U20-də təkrarlaya bilərsən. Səncə alınacaq? Bunun üçün nə lazımdır?

– İnancım tamdır. Əlbəttə ki, uğur üçün yalnız istedad kifayət etmir. Böyük zəhmət, düzgün hazırlıq planı tələb edir. Mən hazırda bunun üzərində çalışıram.

– Dünya çempionluğu yolunda əsas rəqiblərin hansı güləşçilər olacaq?

– Rəqiblərim arasında bir neçə tanınmış dünya və Avropa medalçıları var. Bu kateqoriyada çox güclü idmançılarla yarışacağam. Hər birinin öz üstün cəhətləri var. Hər birinə eyni ciddiyətlə yanaşıram.

– Gələcəkdə özünü yuxarı çəkidə sınamaq fikrin var?

– Hələ ki, 57 kq-da özümü rahat hiss edirəm. Bu çəkidə hədəflərim çoxdur. Amma gələcəkdə orqanizmim və nəticələrim imkan versə, yuxarı çəkidə də özümü sınamaq istəyərəm.

– Daha güclü olmaq üçün hansı keyfiyyətlərini inkişaf etdirməyə çalışırsan?

– Gündəlik məşqlərlə həm gücümü, həm sürətimi artırıram. Daha dözümlü olmaq üçün çox çalışıram. Ən əsası isə özümü psixoloji cəhətdən yarışa hazırlayıram.

– Özünü 3 il sonra keçiriləcək Olimpiya Oyunlarında görürsən?

– Bəli, bu hər bir idmançı kimi, mənim də ən böyük hədəflərimdən biridir. Ora düşmək üçün çox güclü hazırlaşıram. İnanıram ki, zəhmətimin qarşılığını Olimpiya xalçasında görəcəyəm.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button