“Mənə elə gəlir ki, gəncəli azarkeşlərin böyük dəstəyi ilə çox işlər görəcəyik” – MÜSAHİBƏ

Adil Şükürovla yollarını ayıran “Kəpəz” dünən yeni baş məşqçisinin adını elan etdi. Komanda ötən mövsümün əvvəllərində olduğu kimi, bu il də Azər Bağırova tapşırıldı.

Köhnə-yeni baş məşqçi Azər Bağırov Komanda.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

Adil Şükürovdan sizə 6 oyunda 6 məğlubiyyəti olan komanda “miras qalıb”. Əvvəlcə nələri dəyişməyi planlaşdırırsız?

– Ümumiyyətlə, hər bir komandada futbolçuların məşqçini qəbul etmə məsələsi var. Mənə elə gəlir ki, qaydalarda da belədir ki, çempionatın ortasında və ya başlanğıcında bir komandanı götürən məşqçi birinci özünü tanıtdırmalı və özünə futbolçuları inandırmağı bacarmalıdır. Birdən-birə düzəltmək olmayacaq. Altı məğlubiyyət var və bu məğlubiyyətlər komandada psixoloji gərginlik yaradıb və birinci işimiz elə bu psixoloji gərginliyi adlamaq olacaq.

– Sirr deyilsə, “Kəpəz”lə əvvəlki dövrdə işlədiyiniz oxşar şərtlərlə anlaşmısız?

– Klubla mənim aramda olan bəzi detallar barəsində danışmaq istəmirəm. Hər bir şərtlərdə razılaşmışıq, hər şey qaydasındadır. İnanıram ki, hamılıqla, birgə, işimizin öhdəsindən gələcəyik.

– Komandanın üzərində hədsiz təzyiq var. “Kəpəz”i Premyer Liqada saxlamaq mümkün olacaq?

– Maksimum nədirsə, onu ortaya qoymağa çalışacağıq. İnanıram ki, “Kəpəz” Premyer Liqada öz yerini qoruyacaq.

– Ötən mövsüm “Kəpəz”i Premyer Liqada saxlamağı bacardız. İndi isə komanda ardıcıl 6 məğlubiyyətdən sonra yenidən sizə həvalə olunub. Geri qayıtmaq qərarı sizin üçün çətin olmadı?

– Əslində, bəzi qərarlar vermək çox çətin idi. Amma hər bir işin, xüsusən də, futbol sahəsində hər bir işin öhdəsindən gəlməyi bacaracağımızı düşünürəm. Və bəzi məsələlərə qısa zamanda özümüz üçün də meydançada aydınlıq gələcək.

– Əldə etdiyimiz məlumatlara görə, ötən mövsümün sonunda maaş məsələsində razılıq əldə olunmadığı üçün “Kəpəz”dən ayrıldız. İndi bu məsələ necə həll olundu?

– Şərtlər fərq etməz, əsas odur ki, “Kəpəz”dəyik və bugünkü işlərimiz komandanın Premyer Liqada yerini möhkəmləndirməsi üçündür.

– Hazırkı “Kəpəz”lə ötən mövsümün komandası arasında hansı əsas fərqlər var?

– Mən əslində ötən illə bu ili müqayisə etmək istəmirəm. Çünki ötən il də, bu il də heyətdə kifayət qədər yaxşı futbolçular var. Və düşünürəm ki, sadəcə, düzgün istiqamət götürüb yolumuza davam etməliyik. Maksimum nəticələri əldə etməkdən ötrü hamılıqla bir yerdə çalışmaq lazımdır.

– Gəncəli azarkeşlər tələbkardır. Onların etimadını necə qazanmağı düşünürsüz?

– Gəncəli azarkeşləri keçən il qısa müddətdə tanıdım və düşünürəm ki, onlar da bu gün düşdüyümüz vəziyyəti anlayırlar. Və inanıram ki, düşdüyümüz bu situasiyanı onların dəstəyi ilə, maksimum dəstəyi ilə adlayacağıq. Mənə elə gəlir ki, onların böyük dəstəyi ilə çox işlər görəcəyik.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button