“İnanıram ki, Çexiyadan zəfərlə dönəcəyik” – Tahir Gözəl
“Qarabağ”ın prezidenti Tahir Gözəl Bakıda Çexiyanın “Viktoriya” (Plzen) komandası ilə qolsuz heç-heçə etdikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra jurnalistlərə açıqlama verib.
Komanda.az xəbər verir ki, klub prezidenti, “Qarabağ”ın səfər matçlarında yaxşı nəticə qazandığını bildirib:
“Çox baxımlı və gözəl oyun alındı. Komandamız yaxşı oyun nümayiş etdirdi və meydanda dominant idi. Qrup mərhələsinə vəsiqə qazanmaq üçün hələ də ümidimiz var. Artıq bu ənənəyə çevrilib. Biz səfərdə hər şeyi həll edirik. Ümid edirəm ki, bu seriya davam edəcək”.
Gözəl, səfərdəki matçın çox önəmli olacağını deyib:
“Fanatlara təşəkkür edirəm. Burada möhtəşəm abu-hava var idi. İnanıram ki, Çexiyadan zəfərlə dönəcəyik”.
O, Plzen təmsilçisinə qarşı 2016-cı ildəki oyunu xatırladıb:
“Həmin vaxt bərabər oyun var idi. Səfər qolu sayəsində rəqib mərhələ adlamışdı. Bu gün qarşı tərəfin ən yaxşı oyunçusu qapıçısı oldu. Çox gözəl qurtarışlar etdi. Onu təbrik edirəm. Rəqin də hiss edir ki, bu komanda 6 il əvvəlki “Qarabağ”dan tam fərqlənir. Biz səfərə ancaq qələbə üçün gedəcəyik. Qarşımızdakı rəqib də çox güclüdür. Onlara qarşı oynamaq çətindir. “Viktoriya”ya ehtiramla yanaşırıq, amma səfərə qələbə üçün gedirik.
Baş məşqçimiz Qurban Qurbanovda və futbolçularda böyük inam var. Çexiyada bu işin öhdəsindən gələcəyimizə ümid edirik. Futbolda yaxşı olan tərəf mütləq qalib gələcək. Asan olmayacaq, amma Plzenə qələbə əzmi ilə gedəcəyik”.
Avqustun 23-də Plzendəki “Dusan Arena”da keçiriləcək cavab matçı saat 23:00-da başlayacaq.
Bizi Facebook-da izləyin