“İllüziyalarla yaşamamalıyıq” – Canni De Byazi
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Lüksemburq yığmasına qarşı keçiriləcək oyundan öncə fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, italiyalı mütəxəssis bu gün Bakıda baş tutan mətbuat konfransında bunları söyləyib:
“Əvvəlcə Zəfər Gününüz mübarək olsun. Bayramınızı təbrik edirəm. Uşaqlar istəklidir. Göstərmək istəyirik ki, bizi udmaq asan deyil. Düşünürəm ki, bunu Portuqaliya və Serbiya ilə matçlarda da nümayiş etdirdik. Daha da inkişaf etməliyik”.
65 yaşlı mütəxəssis, AFFA-nın türkiyəli baş məşqçilərlə danışıq aparmaları ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirib:
“O baxımdan bəxtim gətirib ki, dili yaxşı bilmirəm. Saytları, qəzetləri oxumuram. Açığı, heç maraqlanmıram da. Mən öz işimə köklənmişəm. Seçmə mərhələdən əvvəl heç kim bizim qrupu ilk iki sırada tamamlayacağımızı gözləmirdi. İllüziyalarla yaşamamlıyıq. Bizə vaxt lazımdır. Nəyisə bir gündə dəyişmək olmaz”.
O, yığmaya dəvət etdiyi Mert Çeliklə Cəlal Hüseynova şans verəcəyini istisna etməyib:
“Mertin problemi var. Onu bərpa etməyə çalışacağıq ki, ehtiyat skamyamız geniş olsun. Cəlal gənc oyunçudur. Çıxışını bəyənirəm. İki oyundan birində ona şans verməyi düşünürəm”.
Mahir Emrelinin uzun müddətdir yığmada qol vura bilməməsinə də toxunan De Byazi bildirib ki, hücumçu sabah sakit oynamalıdır:
“Həm ayaqla, həm də başla fərqlənə bilir. Öz gücünü meydanda ortaya qoymalı, qol barədə düşünməməlidir. Qol özü gələcək”.
İtaliyalı mütəxəssisin sözlərinə görə, sabah meydanda fərqli heyət olacaq:
“Bu, bəhanə deyil. Bəzi futbolçular zədə səbəbindən olmayacaqlar. Lüksemburq yaxşı komandadır. 12 ildir eyni baş məşqçinin rəhbərliyi altında oynayırlar. Gənc futbolçuları səviyyəli komandalarda çıxış edir. Bizdə isə cəmi 8 klub var, çoxu da legionerlərə üstünlük verir. Müəyyən layihə hazırlanmalıdır. Bundan sonra inkişafa nail olmaq olar”.
Sabah Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Lüksemburq matçına saat 21:00-da start veriləcək.
Bizi Facebook-da izləyin