İllüziya ilə yaşayanların komandası

Rəşad Ergün

Bu gün futbol üzrə Azərbaycan milli komandası DÇ-2022-nin seçmə mərhələsində son oyununu keçirir. Avropanın “cırtdan”ına – Lüksemburqa qarşı.

Qələbə olsa, nə dəyişəcək?

Bəs məğlub olsaq?

Dəyişən heç nə yoxdur, biz sonuncuyuq, sonuncu olaraq da qalacağıq.

Hər şeyi bir kənara buraxıb, “haydi, Azərbaycan millisi, göstər gücünü”, “vətən, millət, bayraq” kimi pafosa bələnmiş gəlişigözəl cümlələr də qurmaq olar. Amma bütün bunlar – gözünü yumaraq irəli atılmaq, irəli səsləmək əlindəki tək gücü xəyal qurmaq olanların, ağıl adlı boşluğu hisslərlə doldurmağa gücənənlərin seçimidir. Tam olaraq seçimi də yox, məcburiyyəti, məhkumluğudur.

Yalan deyilsə, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov ayda təxminən yüz min manat qazanır. Yüz min manat! Yayda geyindiyi ayaqqabını soyuq, buz kimi 11 noyabr gecəsi ayağına keçirib, stadiona gedərək, “Azərbaycan, Azərbaycan” deyə, qışqıranların sayəsində.

Qələbə olsa, nə dəyişəcək?

Məsələn, inanmağa başlayacağıq ki, Azərbaycanda futbol inkişaf edir?

Bəs məğlub olsaq?

2008-ci ildən bəri ölkədə futbolun hesabına bəslənənlər, özlərinə mal-mülk alanlar, sayı-hesabı bilinməyən obyektlərə yiyələnənlər istefa verəcəkmi, ya da qovulacaqmı? Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi demişkən, illüziyalarla yaşamayın.

Və…

Azərbaycan – Lüksemburq oyununu izləmək üçün stadiona yayda geyindiyiniz ayaqqabılarla getməyin. Aranızda yayda yay ayaqqabısı, payızda payız ayaqqabısı geyinməyə imkanı olanlar varsa, onlar getsin ayda yüz min manat qazananların milli komandasını izləməyə. Hava çox soyuqdur, özünüzü qoruyun.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button