Azərbaycanlıların Azərbaycan millisində görmək istəmədiyi “sarı oğlan” – Yazı+Fotolar

Dünən bizdə, bu gün harda?

Bu gündən etibarən Komanda.az-da yeni rubrikaya – “Dünən bizdə, bu gün harda?”ya start veririk.

Rubrika çərçivəsində bir zamanlar milliləşdirilib, Azərbaycan yığmasına çağırılan, lakin sonra “yoxa çıxan” futbolçulardan danışacağıq. İlk “qonağımız” 13 dəfə Azərbaycan millisinin formasını geyinən, özbək əsilli Daniel Axtyamovdur.

2004-cü ildə yolu Azərbaycana düşən, “İnter” (indiki “Keşlə”) klubuna transfer olunan Daniel Axtyamov qısa zaman kəsiyində Azərbaycan milli komandasına da dəvət almışdı. Berti Foqtsun sevimlisi olan Axtyamovun klub karyerasında formasını geyindiyi komandaların 4-ü Azərbaycan təmsilçiləri olub. 2004-cü ildə Azərbaycan karyerasına start verən, “İnter”lə 17 oyunda sadəcə 1 qolla yadda qalan Özbəkistan əsilli hücumçu daha sonra “Gəncə”, “Olimpik” kimi klublarda çıxış etsə də, yenidən “İnter”ə qayıdır. 2007-ci ildə Azərbaycandan ayrılan və Rusiyaya gedən hücumçu, iki illik aradan sonra yenidən Bakıya qayıdıb və “Simurq”a transfer olunub. “Simurq” Axtyamovun Azərbaycanda sonuncu klubu olub.

Hücumçunun “Simurq”a keçidi birmənalı qarşılanmamışdı. Belə ki, iddialara görə, o, yeni klubuna tapşırıqla keçmişdi. Ancaq Daniel, bu iddiaları təkzib edib, özünü göstərmək üçün “Simurq”a gəldiyini demişdi. Bir müddət sonra isə Zaqatala təmsilçisinin prezidenti Zaur Məmmədov Axtyamovun performansından razı qalmadıqlarını və komandadan ayrılacağını açıqlamışdı. Ümumilikdə, hadisələr Danielin istədiyi kimi getmədi və o, sadəcə üç oyunda forma geyindi. Daha sonra – 2009-cu ilin noyabrında “Simurq”dan qovulan Axtyamovun Azərbaycan karyerası bitdi.

Bu sarışın oğlanı milli komanda üçün uğursuz seçim və ya lazımsız yerə milliləşdirilmiş futbolçulardan hesab etsək, yanılmarıq. 2004-2009-cu illər aralığında Azərbaycan yığmasına dəvət alan və 13 oyuna çıxan Axtyamov, hücumçu olmasına baxmayaraq, yığmada fərqlənə bilmədi. Rəsmi oyunlarda qol vura bilməyən “əkə”, yoxlama oyunu çərçivəsində iki dəfə fərqlənib.

Daniel Azərbaycanda olduğu müddətdə verdiyi açıqlamalarda musiqimizi sevmədiyini, Azərbaycan dilini öyrənməkdə, özünə dost tapmaqda çətinlik çəkdiyini bildirirdi. Axtyamov yığmanın baş məşqçisi Foqtsun sevimli futbolçusu olsa da, yerli azarkeşlər və mətbuat tərəfindən xoş qarşılanmamışdı. Milliyə fayda verə bilməyən, hücumçu olmasına baxmayaraq, qol vurmağı bacarmayan birininin yığmaya çağırılıb, əsas heyətdə şans qazanması xoş olmayan məqamlardan idi.

Axtyamov Azərbaycan millisinin 2004-cü ildə İngiltərə ilə oynadığı və məğlub olduğu DÇ-2006-nın seçmə mərhələ matçında (0:1) debüt edib. O, yığmada 6 oyun keçirdikdən sonra bir müddət kənarda qalsa da, alman baş məşqçi Berti Foqtsun Azərbaycan millisini çalışdırdığı vaxtda yenidən dəvət alıb. Maraqlıdır ki, Foqtsun 2009-cu ilin aprelində yığmanın heyətinə dəvət etdiyi futbolçulardan yalnız Axtyamov legioner olub.

Azərbaycan təmsilçiləri ilə 62 oyuna çıxan Axtyamov, sadəcə 7 qolla yadda qalıb. Hücumçu bir müddət Rusiyanın 3-cü divizionunda mübarizə aparan “Titan” klubunda forma geyinib. 34 yaşlı futbolçu “Titan”a 2018-ci ildə keçmişdi. Bunadək isə o, Özbəkistanda (“Cambay”), Moldovada (“Tiraspol”) və Rusiyada (“Çerpoveç”, “Ximik”) bir neçə klubun formasını geyinmişdi.

Axtyamov hazırda Rusiyanın həvəskar liqasında mübarizə aparan “Taksi Ritm” komandasının üzvüdür. Ancaq o, bu komanda ilə heç bir görüşdə iştirak etməyib.

O, bir neçə dəfə Türkiyə klublarında – “Konyaspor”, “Qaziantepspor” kimi klublarda baxışda olsa da, heç vaxt bu ölkədə forma geyinə bilməyib.

Axtyamov “Konyaspor”un düşərgəsində

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button