“İlk matçımdan razı olduğumu deyə bilmərəm” – Stasyuk
“Səbail”in yeni futbolçusu Petro Stasyuk klubun rəsmi saytına müsahibə verib.
Komanda.az xəbər verir ki, müdafiəçi komandaya uyğunlaşma prosesi və “dənizçilər”in heyətində debüt oyununu keçirməsi ilə bağlı da fikirlərini bildirib:
– Bir neçə gündür ki, Azərbaycandasan. Ölkəmiz haqqında ilkin təəssüratların necədir?
– Çox yaxşı. Azərbaycan mənim xoşuma gəldi. Bakı isə həqiqətən çox gözəldir. Bu şəhər günü-gündən inkişaf edir. Düşünürəm ki, Bakı dünyanın müasir şəhərlərindən biridir.
– “Səbail”ə gəlməzdən əvvəl çempionatımızla bağlı məlumatın var idi?
– Bəli. Azərbaycan çempionatı ilə bağlı yetərincə məlumatım var. Burada mənim dostlarım çıxış edir.
– Yeni komandan haqqında düşüncələrin necədir? Uyğunlaşa bilirsən?
– Komandamla bağlı ilk təəssüratlarım müsbətdir. Düzdür, hər kəslə tanış olmağa vaxtım olmayıb. Amma oyunda birlikdə olduğum yoldaşlarım məni çox mehribanlıqla qarşıladılar. Onlar komandaya uyğunlaşmağıma da kömək edirlər. Qısa müddətdə digərləri ilə də tanış olacağam. Beləliklə, uyğunlaşma prosesim daha da tezləşəcək.
– Səndən bir həftə əvvəl Maksim Çex “Səbail” ailəsinə qoşuldu. Hansı ki, hər ikiniz “Şaxtyor” (Donetsk) klubunun yetirməsisiniz və “Mariupol”da da birlikdə oynamısınız. Maksimlə yenidən eyni komandada çıxış edirsən. Bununla bağlı fikirlərini öyrənmək maraqlıdır..
– Maksimlə bir ildən artıq eyni komandada çıxış etmişik. Onunla yenidən birlikdə oynamağım mənim üçün çox yaxşı haldır. Düşünürəm ki, bu amil mənim yeni komandama uyğunlaşmağımı daha da asanlaşdıracaq.
– “Səbail”də qarşına qoyduğun əsas məqsəd nədir?
– İlk növbədə komandamın cari mövsüm üçün məqsədlərinə çatmasına kömək etmək istəyirəm.
– “Dənizçilər”in heyətində ilk oyununa çıxdın. Debütün haqqında nə demək istəyirsən?
– Təbii ki, ilk oyunumda qalib gəlmək istəyirdim. Təəssüf ki, bu baş vermədi. Buna görə də ilk matçımdan razı olduğumu deyə bilmərəm. Ancaq bu mövsümə böyük ümidlər bəsləyirəm və hər şeyin daha yaxşı olacağına əminəm.
– Son olaraq azarkeşlərimizə nə demək istəyirsən? Onları necə bir Petro gözləyir?
– Azarkeşlərimizə demək istədiyim budur ki, komandamız yeni qurulub. Buna görə də onlar bir az səbirli olmalıdırlar. Tez bir zamanda bu komandanın yaxşı nəticələr əldə edəcəyinə əminəm. Tərəfdarlarımızı bütün gücünü meydanda komandası üçün sərf edəcək Petro gözləyir. Bunu əminliklə deyirəm və azarkeşlərimizin də buna inanmasını istəyirəm. Dediyim kimi, komandama və bu mövsümdə hər şeyin bizim üçün yaxşı olacağına ümidim böyükdür. Bu yolda komandam üçün əlimdən gələnin ən yaxşısını edəcəyəm!
Bizi Facebook-da izləyin