Azərbaycanda 2019-cu ilin ən uğursuz məşqçisi kimdir? SORĞU

Bildiyiniz kimi, hər ilin sonunda Komanda.az saytı vasitəsilə Azərbaycan mətbuatı ölkənin ən yaxşı futbol məşqçisini seçir. Hazırda da bu sorğu davam edir.

Bu dəfə isə kiçik bir sorğu ilə 2019-cu ilin ən uğursuz mütəxəssisinin də kim olduğunu öyrənmək istədik. Bunun üçün idman jurnalistlərinə müraciət etdik və onların seçimlərini, eyni zamanda səbəbini öyrəndik:

Həbib Aslanov (Futbol+):

“Mənə görə, baş məşqçilərin uğur meyarı onlara yaradılan şərait, ayrılan büdcə və gördükləri işlə ölçülür. Bu mənada, keçən mövsümü titulsuz başa vuran və cari mövsümdə hələ ki, uğursuz görünən mütəxəssislər var. Və ya əksinə, komandası keçən mövsüm uğursuz olub, amma bu mövsüm isə yaxşı görünürlər. Ona görə də, konkret ad demək çətindir. Mənim fikrimcə, yaradılan şəraitin qarşılığında işinin öhdəsindən gələ bilməyən məşqçi Roberto Bordindir. Niyə? Çünki o, keçən mövsümü faktiki olaraq boşa verdi, əsas hədəf çempionluq idi, çempion ola bilmədilər. Kubok mübarizəsini erkən dayandırdılar, Avropa Liqasında “Arsenal” üzərində qələbə qazansalar da, “Bney Yehuda” ilə oyunlardakı uğursuzluq bir növ “Arsenal” qələbəsini unutdurdu. Cari mövsümdəkı göstərici də ürəkaçan deyil. Çempionluğa oynayan, ən yaxşı heyətlərdən birinə sahib olan “Neftçi” bu gün liderdən 8 xal geri qalır, “Keşlə” ilə xalları bərabərdir. Halbuki, “Keşlə”ni heyətinə görə qat-qat üstələyir. Ən əsası, adam legioner məşqçidir. Ona görə də, hesab edirəm ki, bu ilin uğursuz məşqçisi Bordindir”.

Mehman Süleymanov (Sport24.az):

“Məncə, ilboyu nəticəyə baxsaq, uğursuzluqla əsas üzləşən Samir Abasov oldu. “Zirə” ötən mövsüm qarşısına avrokuboklara vəsiqə qazanmaq qoymuşdu. Həmin mövsümün əvvəlində baş məşqçi postuna keçən Abasova komandanı özü qurması, hazırlaması üçün qış fasiləsində şərait yaradıldı, xeyli transfer olundu. Daha çox da legionerlər alındı. Təsadüfi deyil ki, Abasovun sərəncamında 10-dan çox əcnəbi futbolçu vardı. Ancaq gənc mütəxəssis çempionatda yalnız 6-cı oldu, əsas şans olan ölkə kubokunda isə yarımfinalda keçmiş komandası, yaxşı tanıdığı “Sumqayıt”ı keçə bilmədi. Abasova mövsüm bitəndən sonra da şans verən rəhbərlik, ilk dövrədə toplanılan 8 xaldan narazı qalaraq, son pillənin sahibi “Qəbələ”ylə evdəki 1:1 hesablı bərabərlikdən sonra onu istefaya göndərdi. Nəticədə 41 yaşlı Abasovun “Zirə”də fəaliyyəti cəmi 14 ay sürdü”.

Kənan Məstəliyev (Rekord.az):

“Milan Obradoviç. Çünki gəldiyi gündən bu vaxta qədər U-21-ə heç nə verməyib, əvəzində Lixtenşteyn, Gürcüstan və Fransa kimi məğlubiyyətləri mənfi mənada yaddaşımızdadır, yaxın vaxtlarda da çıxana oxşamır”.

Amal Abuşov (Sport7.az):

“Nikola Yurçeviç. Aldığı 1 milyon avronun qarşılığını 1 xalla verdiyi üçün”.

Araz Əhmədov (Sportfm.az):

“Təbii ki, bu ada ən layiqli namizəd milli komandamızın baş məşqçisi Nikola Yurçeviçdir. Adam aldığı böyük pullara layiq olmadığını 1 xal qazanmaqla sübut etdi. AFFA-da oturanların tapıntısı olan xorvat hər məğlubiyyətdən sonra bir nağıl danışmaq əvəzinə vaxtında istefa versəydi, ona hörmətim artardı. Başa düşürəm ki, bizim “futbol dahilərimiz”in təzminatla bağlı onun müqaviləsinə saldıqları bəndə görə Nikola sona qədər Bakıda oturacaq, ancaq tarixdə uğursuz nəticə qazanan mütəxəssilərin vaxtından əvvəl postunu tərk etməsini çox görmüşük. Elə Qurban Qurbanovu misal gətirmək olar. Yığmaya getməsi ilə səhv addım atan çalışdırıcı hər şeyi dərk edərək, istefa verdi və təzminat davası da döymədi. Bu, artıq məşqçinin özünə hörmət qoymasından irəli gəlir”.

Saleh Arslan (Korner.az):

“Sənan Qurbanov. Qısaca olaraq, o cür heyətlə heç nəyə nail ola bilmədi. Avroliqada gürcülərə uduzdu, Premyer Liqada turnir cədvəlinin sonuncusu idi. Halbuki heyəti, maddi-texniki bazası ilə “Qəbələ” ondan yuxarıdakı komandalardan da qat-qat üstün idi”.

Sənan Abdullayev (Xəzər TV):

“Məncə, ən uğursuz mütəxəssislər “Sabah”dan Elşad Əhmədov, U-17-nin baş məşqçisi Vüqar Məmməd və millimizin çalışdırıcısı Nikola Yurçeviç olub. Əhmədov yeni komandanı demək olar ki, tam özü qursa da, xeyli transferlər edilsə də, heç nəyə nail ola bilmədi və məntiqli olaraq göndərildi. U-17-dən danışmağa dəyməz, məncə. U-19-da uğurlu olan Vüqar Məmməd U-17 ilə heç nə edə bilmədi. Gah küləyi, gah yağışı bəhanə gətirməsi də bir ayrı “gözəllik” idi. Yurçeviç haqda da məncə, geniş danışmağa ehtiyac yoxdur. Hər nə qədər ağır qrup olsa da, Azərbaycan millisi 1 xal toplamalı deyildi. Xorvatiyalı heç nə edə bilmədi. Avroliqanın qrupundan çıxa bilməsə də, yenə də ən uğurlumuz Qurban Qurbanov olaraq qalır. Amma bəlkə də, ilk dəfədir ki, Qurbanovu uğurlular arasında ən uğurlu olaraq yox, sadəcə rəqabətsizlikdən seçirəm”.

Aygül Qarayeva

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button