İlham Əliyev Şahmat Federasiyasının prezidenti ilə görüşüb
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev oktyabrın 3-də Beynəlxalq Şahmat Federasiyasının Prezidenti Arkadi Dvorkoviçi qəbul edib.
Komanda.az xəbər verir ki, görüşdə Azərbaycanla Beynəlxalq Şahmat Federasiyası arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.
Ölkəmizdə idmanın digər növləri kimi, şahmatın inkişafına da dövlət səviyyəsində böyük diqqət və qayğı göstərildiyi bildirilib. Azərbaycanlı şahmatçıların beynəlxalq yarışlarda qazandığı uğurlar qeyd olunub.
Söhbət zamanı ötən ay Şuşada keçirilən Beynəlxalq şahmat turnirinin əhəmiyyətinə toxunulub, oktyabrın 2-də Arkadi Dvorkoviçin Naxçıvanda keçirilən 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasının açılışında iştirakından məmnunluq bildirilib.
Görüşdə gələcəkdə Azərbaycanda şahmat üzrə nəzərdə tutulan beynəlxalq əhəmiyyətli turnirlər barədə fikir mübadiləsi aparılıb.
Bizi Facebook-da izləyin