İkinci yarıya tam hazır olacağıq – “Qəbələ”nin futbolçusu


“Qəbələ” 2018-2019-cu illər mövsümünün ikinci yarısına hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirir.

Komanda.az xəbər verir ki, “qırmızı-qaralar”ın futbolçusu Ürfan Abbasov klubun saytına açıqlamasında hazırlıq prosesini dəyərləndirib:

“Mövsümün ilk yarısı başa çatdıqdan sonra istirahətə buraxıldıq. Bütün komanda üzvləri kimi mən də bu müddətdən səmərəli istifadə etdim. Ailəmlə vaxt keçirmək imkanım oldu. Həm fiziki, həm də psixoloji cəhətdən yaxşı istirahət etdim. Bu da ikinci yarının hazırlıqları ərəfəsində müsbət hal oldu.

Toplanışa gəlincə, öncə Bakıda bir araya gəldik. Paytaxtda keçirdiyimiz müddət ərzində verilən bütün tapşırıqları yerinə yetirdik. İstənilən səviyyədə məşq etməyə nail olduq. Ölkədəki toplanışı yoxlama oyunu ilə başa vurduq ki, bu görüş də ilk mərhələdə yaxşı hazırlıq keçdiyimizi təsdiqlədi.

Artıq üç gündür Türkiyədəyik. Antalya toplanışı da yüksək səviyyədə təşkil olunub. Mövsümün ikinci yarısına yaxşı hazırlaşmaq imkanımız var. Bundan maksimum yararlanıb mövsümün həlledici hissəsində hədəflərimizə çatmağa çalışacağıq. Qarşıda bizi yoxlama oyunları da gözləyir. Bu matçlar hazırlıq baxımından çox önəmlidir. Belə görüşlər komandanın hazırkı durumunu, hansı komponentlərin üzərində çalışmalı olduğumuzu bir daha göstərir. Toplanışın sonuna qədər vaxt var ki, bunların da üzərində işləyib, ikinci yarıya tam hazır olacağıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button