
“İkinci qolu buraxsaydıq…” – Rəşad Sadıqov
Bu gün Azərbaycan Premyer Liqasında 31-ci turunda “Zirə” doğma meydanda “Sumqayıt”ı 3:1 hesabı ilə məğlub edib.
Komanda.az xəbər verir ki, “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:
“İlk növbədə futbolçularımı təbrik etmək istəyirəm. Vacib üç xal qazandıq. Birinci hissə bizim üçün daha rahat keçirdi. 2 top fərqi ilə irəlidə idik. “Sumqayıt” haqda oyunçularımıza məlumat vermişdik. Onlara baxımlı və rəngarəng futbol oynayan komanda olduğunu demişdik. Vaqif Cavadov çox yaxşı işlər görür. İkinci hissənin əvvəlində qol buraxdıq. O qoldan sonra müəyyən stress yarandı. “Sumqayıt” irəli getməyə başladı, hücum potensialını artırdı. Biz də daha çox müdafiəyəmeyilli dəyişikliklər edirdik. Rəqibi əks-hücumda yaxalamaq istəyirdik. “Sumqayıt” da hesabı bərabərləşdirə bilərdi. Şükür Allaha, üçüncü qolu biz vurduq.
Aydın məsələdir, “Qarabağ” çempiondur. Biz yalnız avrokuboklar haqda düşünürük. İkinci qolu buraxsaydıq da, futbolçularıma qəzəblənməyəcəkdim. Son turlar yaxınlaşdıqca,müəyyən stress olacaq”.
Bizi Facebook-da izləyin



