“İkinci matçda daha yaxşı çıxış etməliyik” – Sənan Qurbanov
“Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri ilk oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:
- Çempionatda “Zirə”ylə çətin oyundan sonra futbolçularımız bərpa dövrü keçdi. Necə komandaya qarşı oynayacağımızın fərqində idik. Futbolçularımız tapşırıqları düzgün yerinə yetirdilər. “Qarabağ”a qarşı taktiki cəhətdən səhv oynayırsansa, yerindəcə cəzalandırır. Futbolçular məsuliyyəti tam dərk etdilər. Bu, ilk oyun idi. Mərhələ keçmək üçün ikinci matçda daha yaxşı çıxış etməliyik.
- “Qarabağ”a cari mövsümdə çempionatdakı bütün oyunlarda məğlub olmuşduz. Bu halda komandanı necə kökləyə bildiniz ki, qələbə qazandız?
- Bu məğlubiyyətlər futbolçularımıza pis təsir etmişdi. Onlarda uduzmamaq iradəsi yaranır. Dünən danışığımız oldu, səhvlərimizi analiz etdik. Futbolçularımız taktiki cəhətdən düzgün oynadılar. Buna baxmayaraq, qarşıda hələ cavab matçı var.
- Kapitanınız Cavid Hüseynovun sonradan oyuna daxil olması taktiki gedişlə bağlı idi, yoxsa onun hansısa başqa problemi vardı?
- Cavid həm komamdanın daxilində, həm də kənarında liderimizdi. Ona hər zaman çox ehtiyacımız var. Son vaxtlar sıx qrafik olduğundan həm futbolçularımızı qorumağa, həm də onlardan maksimum istifadə etməyə çalışdıq.
Aygül Qarayeva
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin