“İkinci hissədəki oyunumuz gözlənilməz idi” – Regekampf

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Kiprin “Aris” (Limassol) komandasına qarşı keçirdikləri ilk oyunu şərh edib.

Komanda.az xəbər verir ki, rumıniyalı mütəxəssis 0:2 hesabı ilə uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Matçın ikinci hissəsindən çox narazı qaldım. Komanda fasilədən sonra reaksiya vermədi. Birinci hissədə qol şansları oldu, amma yararlana bilmədik.

Hazırda görüşü analiz etmək çətindir. Artıq futbolçularla söhbət etmişəm. Onlara bildirmişəm ki, Bakıdakı qarşılaşmaya daha yaxşı hazırlaşmalı və müdafiədə inamlı oynamalıyıq. Bunu həm özümüz, həm də klub üçün etməliyik. Evdə qələbə qazanaraq növbəti mərhələyə yüksəlməyə çalışacağıq”.

Rumıniyalı baş məşqçi oyunçuların fiziki cəhətdən problemlərinin olmadığını söyləyib: “Hər şey qarşılaşmaya köklənmədən asılıdır. Biz başqa cür davranmalı, mübarizə aparmalı və özümüzü qurban verməliyik. Hər şeyi etməliyik ki, növbəti oyunda istəyimizə çataq. İkinci matç daha fərqli olacaq. Biz evdə oynayacağıq. Rəqibi sıxmağa və aqressiv oynamağa çalışacağıq. Şans yarandıqda isə qollar vurmalıyıq. Komandada döyüşkən ruh olmalıdır. Futbolçular özlərinə inanmalıdırlar. Çünki “Neftçi” üçün oynayırlar. Bu, böyük tarixi olan klubdur”.

Regekampf azarkeşlərin komandadan narazı qalmasının normal hal olduğunu sözlərinə əlavə edib: “İkinci qarşılaşmada yalnız qələbə qazanmalıyıq. Dönüş yaratmaq niyyətindəyik. Fanatlar nəticədən narazıdır. Onları başa düşünürəm, haqlıdırlar. Komandama görə tərəfdarlardan üzr istəyirəm. Amma onlara ikinci görüşdə ehtiyacımız var”.

Mütəxəssis “Aris” haqqında danışmaq istəmədiyini deyib: “Yalnız öz komandam haqqında danışıram. Bizim ikinci hissədəki oyunumuz gözlənilməz idi. Bunu analiz edib, ikinci görüşdə daha hazırlıqlı olacağıq”.

Baş məşqçi rəqibə yuxarıdan aşağı baxmadığını bildirib: “Onları təbrik edirəm. Amma bizim cavab oyunumuz var. Hər şey mümkündür. Birinci hissədə şanslardan birini qola çevirsəydik, nələrin baş verəcəyini bilmək olmazdı. Rəqibə böyük hörmətimiz var. Amma mübarizə aparacağıq. Kimisə günahlandırmaq istəyirsinizsə, bu mən ola bilərəm. Buna haqqınız da var. Lakin həmişə oyunçularımı müdafiə edəcəyəm”.

Regekampf qarşılaşmada qol buraxmaq istəmədiklərini vurğulayıb: “Rəqibin cinahda yaxşı oyunçuları var. Cinahları qapatmaq istəyirdik. İkinci qolu buraxmalı deyildik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button