İki sərbəst güləşçidən DÇ-də bürünc medal
İordaniyanın paytaxtı Ammanda keçirilən U-17 dünya çempionatı sona yaxınlaşır.
Komanda.az xəbər verir ki, beşinci yarış günündə sərbəst güləş üzrə mübarizəyə start verilib.
Hacıhüseyn Əhmədzadə (48 kq) debütdə rusiyalı Çingiz Sarıqlarla bacarmayıb – 2:11.
Hüseyn Hüseynov (55 kq) startda türkmənistanlı Azatberdi Aşırquliyevdən güclü olub – 3:1. Həmyerlimiz daha sonra tunisli Mokbel Sahliyə heç bir şans tanımayıb – 11:1. Hüseyn yarımfinalda Puerto-Riko təmsilçisi Josef Baxmana 2:5 hesabıyla məğlub olub. Hüseynov ermənistanlı Qaqik Qazaryanı 2:1 hesabıyla üstələyərək dünya çempionatını 3-cü pillədə başa vurub.
İsa Yusibov (65 kq) 1/8 finalda qazaxıstanlı Bakdaulet Akimjana uduzub – 0:6.
Məhəmməd Abbaszadə (80 kq) debütdə gürcüstanlı Nikolas Masuradzeyə 1:7 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün güləşçimiz təsəlliverici görüşlərə qatılıb. Abbaszadə əvvəlcə monqolustanlı Qanbat Tserenpuntsaqı (tuş), daha sonra isə hindistanlı Vevik Veviki (10:0) vaxtından əvvəl xalçadan məyus yola salıb. Bürünc medal uğrunda qarşılaşma gərgin mübarizə şəraitində keçib. Ukraynalı Artur Kostyuka xalların keyfiyyətinə görə (5:5) məğlub olan Məhəmməd 5-ci yerlə kifayətlənib.
Muxamad Qantemirov (110 kq) 1/8 finalda amerikalı Maykl Mokkoya uduzub – 6:16. Belaruslu Yaraslav Koxan təsəlliverici görüşə gəlmədiyi üçün Qantemirov birbaşa üçüncü yer uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Gürcüstanlı Qiqiya Lukunidze üzərində inamlı qələbə (7:0) qazanan Muxamad bürünc medalı boyundan asıb.
Bizi Facebook-da izləyin