İki debüt, iki yubiley
Misli Premyer Liqasının 1-ci turunun “Turan Tovuz”la oyunu “Qəbələ”nin iki futbolçusu üçün debütlə əlamətdar olub.
Komanda.az xəbər verir ki, Rauf Rüstəmli və Ramon Maçado ilk dəfə “qırmızı-qaralar”ın heyətində rəsmi matça çıxıb.
Bununla da klub tarixində forma geyinən futbolçuların ümumi sayı 271-ə çatıb. Onlardan 252-si Premyer Liqada şans qazanıb.
Rauf “Qəbələ”nin heyətində Premyer Liqada 19 yaşadək debüt edən 18-ci oyunçudur. 18 yaş 9 ay 7 günlüyündə meydana çıxan yarımmüdafiəçiyədək 17 oyunçu belə gənc yaşında çempionat həyəcanı yaşayıb. Rekord Elnur Mustafazadəyə məxsusdur – 16 yaş 7 ay 25 gün. Nuran Qurbanov (17 yaş 6 ay 19 gün) və Roman Hüseynov (17 yaş 7 ay 19 gün) da ən gənc üç oyunçu sırasında yer alıb. Rauf bu sıralamada 16-cıdır.
Ramon isə klub tarixində 17-ci braziliyalı legionerdir. “Sambaçılar” arasında rekord Dodoya məxsusdur – 161 oyun. Rafael Santos 104, Rikardinyo 69 dəfə “Qəbələ” forması geyinib.
“Turan Tovuz”la oyun “Qəbələ”nin iki futbolçusu üçün də yubileylə əlamətdar olub. Rövlan Muradov “qırmızı-qaralar”ın heyətində 80-ci matçına çıxıb. Onun hesabında 10 qol var.
Yarımmüdafiəçi “Qəbələ”dəki oyun sayında Sergey Zenyova çatıb. Rövlan komandada 80 və daha çox matça çıxan 19-cu futbolçu olub. O, çempionatda 68 (8 qol), kubokda 9 (1 qol), avrokuboklarda 3 (1 qol) görüşdə iştirak edib.
Tovuzdakı qarşılaşma Murad Musayev üçün 70-ci olub. Onun aktivində 2 qol var.
Müdafiəçi Premyer Liqada 61 (2 qol), kubokda 8, avrokubokda 1 dəfə meydana çıxıb. O, klub tarixində 70 və daha çox görüşdə iştirak edən 26-cı futbolçudur.
Xatırladaq ki, “Qəbələ” Tovuz şəhər stadionundakı matçda 2:0 hesabı ilə qalib gəlib.
Bizi Facebook-da izləyin